Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı öncə deyib ki, bu gün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır: “Bu münasibətlə onları təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayıram”.
Musavat.com xəbər verir ki, ƏHD Partiyasının sədri daha sonra büdcə sənədindən danışıb:
“Milli Məclsiin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova və maliyyə naziri Samir Şərifova təşəkkür edirəm. Samir müəllimin qeyd etdiyi bütün dəyişiklikləri, o cümlədən siyasi partiyalara ayrılan vəsaitin artırılmasını mütərəqqi sayıram, təqdir edir və dəstəkləyirəm”.
Deputat bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti, demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğunda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və medianın rolu əvəzsizdir:
“Bu gün ölkmizə qarşı aparılan bütün böhtan və qarayaxma kampaniyasına qarşı onlar dayanır və bu kampaniyanı aparanlar onlar tərəfindən ifşa olunur. Bütün bunları nəzərə alaraq, siyasi partiyaların fəaliyyətinin gücləndirilməsi üçün maliyyə vəsaitinin artırımasına görə həm cənab Prezidentə, həm də Nazirlər Kabinetinə öz minnətdarlığımı bildirirəm və qanun layihəsinə səs verəcəyəm”.
E.Paşasoy,
Musavat.com