AZ

Dünya Duqin kimi isterik şəxslərin ümidinə qalsa, bir gündə məhv olar

Rusiyalı filosof, siyasi nəzəriyyəçi, analitik və ictimai xadim, “Avrasiyaçılıq” ideologiyasının və rus millətçiliyinə əsasalanan “Rus Dünyası” şovinist nəzəriyyəsinin müəllifi Aleksandr Duqin`in Əsəd rejiminin devrilməsinə görə Türkiyənin ünvanına səsləndirdiyi məlum isterik fikirlər onun öz şəxsi yanaşmasıdır, yoxsa Kremlin rəsmi mövqeyinin qeyri-rəsmi təzahürüdür?

Gəlin əvvəlcə həmin fikirləri bir daha nəzərdən keçirək, görək A.Duqin nə demişdi:

“Suriya Ərdoğan üçün tələ idi. O, strateji səhvə yol verdi. Rusiyaya xəyanət etdi. Türkiyə İrana xəyanət etdi və məhv oldu. İndi Kamalın Türkiyəsinin sonu başlayıb. İndiyə qədər sizə dəstək olmuşuq, bundan sonra peşman olacaqsınız. Əvvəllər etmədiyimiz işləri edəcəyik”...

(Sitatın sonu)

Gördüyümüz kimi Duqin bu sərt və emosional bəyanatında Türkiyəni və onun rəhbərini açıq şəkildə hədələyib.

Bəziləri rusiyalı analitikin Ərdoğanın ünvanına səsləndirdiyi bu hədəsini Rusiya dövlətinin dolayısı yolla, Duqinin ağzı ilə dilə gətirilən mövqeyi kimi qiymətləndirir. Lakin əvvəllər Rusiya prezidenti Vladimir Putinin ən yaxın adamı kimi tanınan və hətta "Putinin beyni" adlandırılan Duqin artıq xeyli vaxtdır ki, Kreml ilə ünsiyyət saxlamır. Deyilənlərə görə, Putinin ona qarşı münasibəti mənfiyə doğru dəyişib. Yəni bu gün Duqini Kremlin qeyri-rəsmi sözçüsü hesab etmək doğru deyil.

Məsələyə bu kontekstdən yanaşsaq, deməli, Duqin sadəcə, sıradan bir rus şovinisti kimi öz emosiyalarına hakim ola bilməyərək, Türkiyənin əleyhinə sərsəm fikirlər səsləndirib.

Vaxtilə Rusiya-Türkiyə münasibətlərinin daha sıx inkişafından dəm vuran bir analitikin bu gün daban-dabana zidd fikirlər səsləndirməsi ilk baxışdan həqiqətən də olduqca anormal görünür. Lakin Duqin kimi aqressiv dünyagörüşlü, ifratçı bir şəxsdən birdən-birə bu cür köklü mövqe dəyişkənliyini görmək qətiyyən təəccüblü deyil.

Ancaq amerikalı siyasi şərhçi və hərbi ekspert Skott Ritterin Türkiyəni müdafiə məqsədilə səsləndirdiyi fikirlər Duqin kimi rus nasional-şovinistlərinə də, Türkiyəni ittiham edən İran rəsmilərinə də tutarlı cavabdır. Belə ki, S.Ritter deyir ki, Əsədin devrilməsində Türkiyəni günahlandıranlar əslində hədəfi səhv seçiblər, onlar Türkiyəni yox, Rusiya və İranın özünü qınamalıdırlar. Çünki məhz Rusiya və İranın yanlış və məkrli siyasətləri sonda Əsədin devrilməsi ilə nəticələndi.

S.Ritterin bu yanaşması öz rasionallığı və soyuq məntiqi ilə yəqin ki, Moskva və Tehrandakı bütün isti başları dərindən düşünməyə vadar edəcək.

P.S.

Dünya Duqin kimi isterik şəxslərin ümidinə qalsa, bir gündə məhv olar. Lakin Putin isə Rusiya-Türkiyə münasibətlərinin bundan sonra da normal məcrada davam etdirilməsinə üstünlük verəcək. Çünki Rusiyanın başqa yolu yox!

Bəybala Mirzəyev

visiontv.az



phrase_var_article.chosen
29
visiontv.az

1phrase_var_article.sources