“Deputatların əksəriyyəti təbii olaraq təmsil etdikləri rayonlarda kommunal xidmətlər, məşğulluq, məktəblərin və yolların təmiri və digər sosial-iqtisadi məsələlərin həll edilməsi üçün təkliflərlə çıxış edir. Hökumət əhali qarşısında bütün sosial öhdəlikləri tam şəkildə yerinə yetirmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və gələcək iqtisadi artıma zəmin yaratmaq üçün bütün resurslarını səfərbər edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasda çıxışı zamanı deyib.
“Təbii olaraq büdcədən gözləntilər hər zaman çox yüksəkdir. Lakin qaldırılan bütün məsələlərin hamısı eyni zamanda və bir il ərzində həll edilə bilməz. Büdcə bizim imkanlarımızı əks etdirir. Gələn il büdcə imkanları çərçivəsində əsas vəzifələrin icrasının təmin edilməsi üçün əlimizdən gələni etməliyik”
“Bildirmək istərdim ki, ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%-dir. Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır. Buna baxmayaraq, yerdə qalan 3.4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək.
Hazırda bu istiqamətdə hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır. Eyni zamanda onu da qeyd edim ki, paralel olaraq “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də həyata keçirilməkdədir”, - deyə Baş nazir bildirib.
Nuranə Daxilqızı