AZ

Sərxoş halda qəza törədib dostunun ölümünə səbəb oldu: "Sürətli sürməyimi özü istədi"

Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə ona hökm oxumub.

Hökmə əsasən, S.Quliyev 6il müddətə azadlıqdan məhrum edilib. Onunbarəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclası zalında həbs edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Belə ki, "BMW" markalı minik avtomobilinin yoldan çıxaraq dəmir arakəsməyə çırpılması nəticəsində maşında sərnişin qismində əyləşmiş 1985-ci il təvəllüdlü Aslan Kirov həlak olub.S.Quliyevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Məlum olub ki, qəzaya düşən avtomobil mərhum A.Kərimova məxsus olub. 

S.Quliyev məhkəmədə ifadə verərkən ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 29-da mərhum A.Kirov dəvət olunduğu ad günü məclisinə S.Quliyevin də onunla birgə getməsini təklif edib. Onlar razılaşıb Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən Çingiz adlı şəxsə məxsus kafeyə gediblər. Orada o, Aslan və sonuncunun tanışları ilə yemək yeyib spirtli içki qəbul edib. Evə qayıdan zaman mərhum Aslan Kirov özünə məxsus "BMW 528 minik" markalı avtomobili onun idarə etməsini təklif edib, o da sonuncu ilə razılaşıb sürücü yerində əyləşərək avtomobili idarə edib. Yol ilə gedərkən Aslan Kirov avtomobili sürətlə idarə etməsini istəyib. Şəmkir rayonu, Kür qəsəbəsindən Mahmudlu kəndi istiqamətində hərəkətdə olarkən sərt döngədə o, idarə etməni itirərək hərəkət istiqamətində yolun sol tərəfində yerləşən avtoyuma məntəqəsinə çırpılıb Hadisə nəticəsində o, xəsarət almayıb, lakin A.Kirov xəsarət alıb. O, hadisə yerinə toplaşan şəxslərlə mərhumu avtomobildən çıxarmağa çalışıb və oraya toplaşan şəxslərdən təcilitibbi yardıma zəng etmələrini xahiş edib, özü isə hadisə yerində qalıb. Bir qədər sonra təcili yardım avtomobili gələrək zərərçəkmişi xəstəxanaya aparıb. O da təcili yardım avtomobilinin arxası ilə xəstəxanaya gedib və orada olarkən A.Kirovun vəfat etdiyini öyrənib.

İfadəsinin davamı olaraq təqsirləndirilən şəxs bildirib ki, Aslan Kirovla iştirak etdiyi məclisdə təxminən 11 nəfər şəxsə 1,7-1,8 litr spirtli içki qəbul ediblər. A.Kirov ondan çox spirtli içki qəbul etdiyindən kəndə qayıdarkən avtomobili onun idarə etməsini istəyib, yolda o, A.Kirov dediyi üçün avtomobili sürətlə idarə edib, hadisə zamanı sürəti təxminən 100-120 km/saat olub, hadisədən əvvəl də əyləcdən istifadə edib. O, hərəkət etdiyi yolu tanıyıb, lakin hadisə yerindən 300-400 metr aralıdan hadisə yerinədək olan hissə barədə heç nə xatırlamayıb. 2003-cü ildən avtomobil idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi olub, hadisə baş verən yol iki istiqamətli hərəkət üçün nəzərdə tutulub. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyib və sonuncu ilə barışıq əldə etməyib.

Şəbnəm Mehdizadə
Seçilən
23
e-huquq.az

1Mənbələr