AZ

Bəxtiyar Həsənalızadə: "Qışda çempion olmağın xüsusi bir dəyəri yoxdur"

“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə apasport.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan"ın uzun müddət sürən məğlubiyyətsizlik seriyası "Sabah"la matçda qırıldı. Yəqin ki, oyundan öncə belə ola biləcəyini düşünmürdüz və qələbə haqda fikirləşirdiz...

- Oyunun çətin keçəcəyi gözlənilirdi. Belə də oldu. Məğlubiyyət normal bir şeydir. Nə vaxtsa, olacaqdı. Qeyri-adi nəsə baş verməyib. Bu oyun artıq geridə qaldı, başa çatdı. İndidən qarşıdakı tur haqda düşünməliyik. Biz də bunu edirik.

- "Sabah"la görüşdəki məğlubiyyətin əsas səbəbi nə idi? Rəqib sizdən daha yaxşı idi, yoxsa şanssızlıq sizə mane oldu?

- Əslində, matç heç-heçə də başa çata bilərdi. Qalib gəlməyimiz də mümkün idi. Bir epizodda "Sabah"ın müdafiəçisi topu ardıcıl iki dəfə boş qapıdan çıxardı. Demək ki, "Sabah"la görüşdə qələbə qismətimizdə deyilmiş. Rəqibə yarı qol şansı düşdü, onu da vurdu. Bəlkə də, həmin epizodda cərimə zərbəsi vermək olardı. Çünki biizm oyunçunun ayağına zərbə endirilmişdi. Amma dediyim kimi, bunlar geridə qaldı. Öz oyunlarımızı düşünürük.

- Maraqlıdır ki, ikinci hissədə "Araz-Naxçıvan"ın iki fərqli futbolçusunun boş qapıdan zərbəsini "Sabah"ın müdafiəçisi çıxardı. Həmin epizod həlledici oldu? Yəqin ki, həmin epizod qolla nəticələnsəydi, hər şey başqa cür olacaqdı?

- Əlbəttə ki, ola bilər. Bu haqda şərh verdim. Bəlkə də, məğlubiyyət xeyrimizə olacaq. Nəticə çıxararıq. 

- "Qarabağ"la görüşü çıxmaq şərtilə, geridə qalan 15 oyunda nə alınırdı ki, "Sabah"la görüşdə o alınmadı və uduzduz?

- Əvvəlki oyunlardan da yaxşı çıxış etdiyimizi düşünürəm. Sadəcə "Sabah"la matçda qələbə çatmadı. O da Allah qoysa, düzələr. Əsas odur ki, doğru yoldayıq. Yolumuza da davam edirik.

- "Araz-Naxçıvan" ilin son oyununda "Qarabağ"la qarşılaşacaq. "Sabah"a məğlubiyyətdən sonra, "Qarabağ"la görüşöncəsi hansısa ruh düşkünlüyü olmayacaq? Hər halda, "Qarabağ"la görüşdən öncə "Sabah"a da qalib gəlsəydiniz, yəqin daha da inamlı olardınız?

- Xeyr, bu dəfə udduq, ya uduzduq fərq etmir. Onsuz da "Qarabağ" oyunu ağır keçəcək. Bundan əvvəl hansı nəticə olsa belə, "Qarabağ"la görüşə də yaxşı hazırlaşacaqdıq. Hələ ki, dincəlib bərpa keçməliyik. Sonra da hazırlığımıza başlayacaq.

- "Qarabağ"la görüş haqda fikrin necədir? İlk turda onlara uduzmuşdunuz. Amma "Araz-Naxçıvan" indi daha yaxşı durumdadır. Səncə, "Qarabağ"ı məğlub etmək realdır sizin üçün?

- Bunu zaman göstərəcək. Biz əlimizdən gələni edəcəyik. Necə alınacağını isə oyun göstərəcək. 

- "Qarabağ"la görüşdə qeydə alınacaq qələbə sizi qış çempionu edəcək. Sezonun ikinci yarısında daha inamlı olmağınız baxımından da vacibdir bu?

- Çempionluq onda mənalı olar ki, mövsümün sonu olsun. Qışda çempion olmağın xüsusi bir dəyəri yoxdur. Əsas olan mövsümün sonunda yüksək yerlərdə olmaqdır. Bunun üçün zəhmət çəkməliyik. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

 

"Sabah"dan 40-cı səfər qələbəsi

“Araz-Naxçıvan”dan tarixi rekord

“Qarabağ” "Sumqayıt"a qarşı - YENİLƏNİR

Emreli oynadı, komandası uduzdu

Samir Abasov: “Belə şeylər ancaq mənim başıma gəlir”

Seçilən
12
apasport.az

1Mənbələr