AZ

Media savadlılığı niyə vacibdir?- “Aldanmaq və aldatmaq istəmiriksə, xəbərlə davranmağı öyrənməliyik”

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Azərbaycanda “Media Savadlılığı” Həftəsinə başlanılır. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə dekabrın 16-22-də keçiriləcək həftə çərçivəsində  bir sıra tədbirdlərin təşkili nəzərdə tutulur.

Bəs “media savadlılığı” bir oxucu üçün niyə vacibdir?

Suallarımızı cavablandıran “Bizimyol.info” qəzetinin baş redaktoru Bahəddin Həzi  Editor.az-a məsələ ilə bağlı öz fikirlərini bölüşüb:

“Bu problem əbədidir. Mediada, sosial şəbəkə platformalarında həqiqətə uyğun olmayan məlumatların yayılması yeni məsələ deyil. Bu, həmişə olub, var, təəssüf ki, yenə də olacaq.

Yalan xəbərin yayılmasının çox səbəbləri var. Onların arasında həmişə ikisi öndə olur. Birincisi odur ki, yalan xəbərin hədəfi olur. Yəni bir şəxs, bir qrup, bir təşkilat, hətta bir  dövlət yalan xəbər yayırsa, deməli, xüsusi bir məqsədi var. Belə dövlətin nümunəsi bizə, təəssüf ki, yaxşı tanışdır – Ermənistan. Bu, sıradan insanlar arasında da baş verir. Media müstəvisində də, o cümlədən. Qəsdən yalan xəbər yayırlar. Bilərəkdən insanları başqa səmtə yönəldirlər, yaxud buna çalışırlar. İkinci səbəb isə məlumatsızlıqdan olur. Yəni insanlar yalanı doğrudan ayıra bilmir. Elə jurnalistlər özü də kifayət qədər hazırlıqlı olmayanda informasiyanı dezinformasiyadan ayıra bilməyəndə istəmədən də olsa, yalan məlumatlar yayırlar. Bir çox insanlar da bu yalana inanır. Nəticədə yalana əsaslanan fikirlər irəli sürülür, nəticələr çıxarılır.

İnformasiyanı dezinformasiyadan ayırmaq asan məsələ deyil. Bunun üçün media savadlılığı vacib şərtdir. İnsanlar oxuduğu xəbərə aldanmaq, başqalarını da aldatmaq istəmirsə, xəbərlə davranmağı öyrənməlidir. Aldığı hər xəbərə anındaca inanmaq, onu yaymaq olmaz. Bu xəbər üzərində düşünmək, doğru olub-olmadığını araşdırmaq, sonra klassik mediada,  sosial mediada yaymaq lazımdır. Əks halda yalanı cəmiyyətə həqiqət kimi təqdim etmiş olarıq”.

//Gülnarə Abasova, Editor.az

phrase_var_article.chosen
15
editor.az

1phrase_var_article.sources