AZ

Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb

Sahibi türkiyəli olan və göyərtəsində Azərbaycan və Türkiyədən 13 nəfəri daşıyan gəmi Kerç boğazında çətin vəziyyətə düşüb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Dənizçilərin Həmkarlar İttifaqından məlumat verilib.

Məlumata görə, gəmi dənizə çıxa bilmir, eyni zamanda, su və qida da tükənmək üzrədir.

"Türkiyəli şəxsə məxsus olan və Syerra-Leone bayrağı altında üzən "Lady Fortune" gəmisinin heyətindən müraciət daxil olub. Bir neçə gün əvvəl onlar Kerçdən ayrılıblar və Türkiyəyə doğru istiqamətlənməli idilər. Lakin hazırda bu qeyri-mümkündür - su, demək olar ki, bitib, qida tükənmək üzrədir, eyni zamanda, gəminin texniki vəziyyəti və çətin hava şəraiti durumu daha ağırlaşdırır. Həmçinin, işəgötürənin vicdansız olduğu üzə çıxıb, artıq altı aydır, onlara əməkhaqqı ödənilmir", - deyə həmkarlar ittifaqının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, göyərtədə 13 nəfər var - ekipaj üzvlərindən biri Türkiyə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

"İndi onlar Kerç boğazındadırlar, fövqəladə vəziyyət siqnalı göndəriblər, lakin bu, pis hava şəraiti ilə bağlı deyil, məhz onların aclıq çəkməsi ilə əlaqəlidir. Ekipaj Beynəlxalq Dənizçilər Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiyi üçün Rusiya Dənizçilərin Həmkarlar İttifaqına müraciət edib", - deyə məlumatda qeyd edilib.

O əlavə edib ki, ekipaj artıq Temrük limanının kapitanına müraciət edib, limana girişə icazə verilməsini və mövcud vəziyyətdə köməklik göstərilməsini xahiş edib.

Mənbə: oxu.az

phrase_var_article.chosen
36
oxu.az

1phrase_var_article.sources