Bakı,16 dekabr, AZƏRTAC
“Komandadakı bütün oyunçular məsuliyyəti dərk edirlər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Tofiq Mikayılov Avopa çempionatının əsas mərhələsində Bakıda İsveç seçməsinə qarşı keçirəcəkləri oyun barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O, matça hazırlığın yaxşı keçdiyini bildirib: “Həm fiziki, həm də taktiki planda işlər görülür. Komandanın oyuna hazır olması üçün məşqçi-texniki heyət əlindən gələni edir. Bilirik ki, bizi ağır oyun gözləyir. Birinci görüşlər hər zaman çətin keçir”.
Futzalçı İsveç yığmasının oyununu izlədiklərini, rəqibin fiziki planda güclü olduğunu qeyd edib: “İsveç xüsusilə fiziki cəhətdən hazırlıqlı komandadır. Yunanıstanla görüşə komanda olaraq birgə baxdıq. Məşqçimiz rəqibin zəif və təhlükəli tərəflərini bizə izah edib. Onlar doğma meydanda uduzublar, Bakıda bunun əvəzini çıxmağa çalışacaqlar. Çünki qələbə qazana bilməsələr, mübarizə onlar üçün başa çatmış olacaq”.
T.Mikayılov sonda azarkeşlərə səslənib: “Çox istərdik ki, zala gəlsinlər, “altıncı oyunçu” vəzifəsini yerinə yetirsinlər. Yenə deyirəm, görüş bizim üçün çox vacibdir. Birlikdə bu dueldən qalib ayrılmalıyıq”.
Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan-İsveç görüşü saat 20:00-da başlayacaq.