“Müddətli hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 30-a endirilməsi təhsil və elm sahəsinə bir sıra müsbət təsir edəcək”.
Bunu Sfera.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
O qeyd etdi ki, bu dəyişiklik gənclərin təhsil prosesinə fasilə vermədən davam etməsinə imkan yaradır:
“Daha erkən yaşda hərbi xidməti başa vurmaq, tələbələrin ali təhsil, magistratura və doktorantura mərhələlərinə gecikmədən başlamasını təmin edir. Bununla yanaşı, elmi tədqiqatlarla məşğul olan gənclərin xidmət müddəti səbəbindən fəaliyyətlərini yarımçıq qoyması ehtimalını azaldır və onların intellektual fəaliyyətə daha erkən qayıtmasını asanlaşdırır”.
Ekspert bildirdi ki, bu yanaşma həmçinin elmi və akademik sahədəki kadr çatışmazlığını aradan qaldırmağa kömək edir:
“Hərbi xidmətdən sonra iş və təhsil mühitinə inteqrasiya daha erkən baş verdiyindən, gənclərin həm akademik, həm də peşəkar sahədə məhsuldarlığı artır. Elmi fəaliyyət və təhsil sahəsində vaxt itkisini minimuma endirərək ölkənin intellektual potensialının səmərəli istifadəsinə şərait yaradır. Bu da ölkənin ümumi elmi və təhsil inkişafına müsbət təsir göstərir”.
Günay