Azərbaycanda 2018-ci ildən bəri kiçik və orta biznes (KOB) subyektlərinin sayı 64 %-ə yaxın artaraq 401 mini keçib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Dayaq" mükafatının təqdim olunma mərasimində bildirib.
Onun sözlərinə görə, bu dövrdə KOB-ların yaratdığı əlavə dəyər 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 20,1 milyard manata çatıb: "Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43,8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,3 %-ni təşkil edib".
"Bu gün Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar fonunda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır. Sevindirici haldır ki, bizneslərin inkişafı sahədə dövlətimizin yaratdığı yeni təşkilati-hüquqi model və dəstək mexanizmləri beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi təqdir olunur", - deyə sədr vurğulayıb.