Cüdoda tətbiq olunacaq yeni qaydalarla bağlı beynəlxalq seminar keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri yeni qaydalarla bağlı təşkil olunmuş texniki seminarda iştirak ediblər.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi tədbir iki gün davam edib.
“Paris-2024” Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq, qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Qaydalar ilə bağlı elanın ardından dekabrın 14-15-də IJF tərəfindən Türkiyənin İstanbul şəhərində ikigünlük texniki seminar təşkil olunub. Tədbirdə 79 ölkədən 326 iştirakçı bir araya gəlib. Seminar zamanı IJF-nin Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.
Yeni qaydaların gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi və həmin ilin iyun ayında təşkil olunacaq böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.
Qeyd edək ki, seminarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident Elnur Məmmədli, qurumun prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev iştirak ediblər.