Bakı 16 dekabr, AZƏRTAC
KOBİA-nın faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 64 faizə yaxın artaraq 401 mini keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.
KOBİA sədri qeyd edib ki, bu dövrdə KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi təqribən 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 20,1 milyard manata çatıb.
“Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi ötən il 43,8 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,3 faizini təşkil edib. Sevindirici haldır ki, bizneslərin inkişafı sahəsində dövlətimizin yaratdığı yeni təşkilati-hüquqi model və dəstək mexanizmləri beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi təqdir olunur. Bu ilin iyul ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə Azərbaycan brendi olan KOB evləri ekspertlər tərəfindən qabaqcıl innovativ təcrübə olaraq qiymətləndirilib və nümunəvi model kimi qurumun saytında dərc olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayında 160-dan çox ölkəni əhatə edən BMT-nin Qlobal Sazişi tərəfindən KOBİA xüsusi sertifikat ilə təltif olunub. Sözügedən sazişin əsas elementlərindən biri ətraf mühit məsələsidir”, - deyə Orxan Məmmədov deyib.