AZ

Bakıda müştəri kababçını niyə öldürdü? — TƏFƏRRÜAT

Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Anar Quliyevi qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi 9 aprel 2024-cü ildə, saat 22 radələrində Keşlə qəsəbəsi ərazisində yerləşən kafedə baş verib. Rəhman kafedə müştəri qismində olarkən yaxınlıqda yerləşən Anarın kababçı işlədiyi “Dadlı Kabab” adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edib, onun olduğu kafeyə gəlmiş kababçı Anara bu barədə iradlar bildirdikdən sonra aralarında mübahisə baş verib. 

Mübahisə zamanı Rəhman heç bir əsaslı səbəb olmadan özündə olan cib bıçağı ilə kafenin girişində qəsdən öldürmək məqsədilə Anarın döş qəfəsinin sol nahiyəsindən 1 dəfə qüvvətli zərbə vurub. Anar aldığı xəsarətdən vəfat edib.

Hadisəni törədən Rəhmanın barəsində 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəhman ona elan olunmuş ittiham üzrə özünü təqsirli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. 

O, ifadəsində göstərib ki,  zərərçəkmiş şəxsi qonşuluqda kirayədə yaşaması ilə əlaqədar tanıyıb: “Mən tanışlarım Könül və Ziya ilə yeyib-içmək üçün 9 aprel 2024-cü ildə axşam saatlarında “Könül çay evi” kafesinə gedərək orada kabab sifariş etdik. Sifariş etdiyim kababın içərisindən sümük çıxdı.

Kafedə oturub spirtli içki içərkən həmin gün, təxminən saat 22 radələrində Anar da həmin kafeyə gəldi. Mən sonuncuya yaxınlaşıb bişirdiyi kababın içərisindən sümük çıxdığını dedim. Anar isə “məni narahat etmə”, “üzrlü hesab et” kimi sözlər dediyindən ondan aralanaraq geri yerimə qayıdıb oturdum. Lakin Anar dilinin ucunda nə isə danışmağa başladı. Spirtli içki qəbul etdiyimdən onun nə deməsini dəqiq xatırlamamışam”. 

Rəhman qeyd edib ki, daha sonra Anar ayağa qalxıb onun yanına gəlib: “Anar mənə tərəf gəldikdə cibindəki bıçağı əlimə aldım və çölə çıxıb orada söhbət etməyimiz üçün sağ əlim ilə sonuncunun sinəsinə yumruqla vuraraq onu itələdim. Bu zaman bıçaq əlimdə olub, bıçaq Anarın sinəsinə batdı. Lakin bıçaqda qan ləkəsi olmayıb. Birlikdə kafenin qapısından çölə çıxıb orada söhbət etdikdən sonra geri qayıdaraq yerimə oturdum. Aramızda keçən söhbətdən təxminən 35 dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək Anarı xəstəxanaya apardı. Sonradan onun vəfat etdiyini eşitdim. Mənim Anarı bıçaqla vuraraq öldürmək niyyətim olmayıb. Anarı qəsdən öldürməmişəm. Hadisə ehtiyatsızlıqdan baş verib. Həmin vaxt içkili olduğumdan ağlım başımda olmayıb. Mənim Anarı öldürmək niyyətim olsaydı, Anara ikinci dəfə də bıçaqla zərbə vurardım. Mən yediyimiz kababın məhz Anar tərəfindən hazırlanmasını bilməmişəm. Sadəcə Anar həmin restoranda işlədiyindən kababın içindən çıxmış sümüyün nə ola biləcəyi ilə maraqlanmışam. Anarı bıçaqla vurmamışam, onu əlim ilə itələmişəm. Həmin vaxtı bıçaq əlimdə olsa da, bıçağın Anara batmasını hiss etməmişəm. Bıçağı əlimə götürmüşəm, Anara bıçaqla vurmaq niyyətim olmayıb. Anar üstünə gəldiyim üçün sinəsindən itələmişəm”. 

Rəhman qeyd edib ki, əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunub, həmin hadisə zamanı zərərçəkəni bıçaqla vurub. 

Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər müəyyən olunub. Buna görə də onun həmin ifadələr elan edilərək tədqiq edilib. 

Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısı Xanım Qurbanovanın ailəsi ilə birlikdə yaşayıb, orta təhsilini Bakı şəhərində yerləşən 227 saylı tam orta məktəbdə 9-cu sinfə kimi alıb: “2015-ci ildə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma), 2017-ci ildə isə həmin məcəllənin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətdiyi üçün müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: “2021-ci ildə cəzadan vaxtından əvvəl azad olunmuşam. 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşam. Hər hansı psixi xəstəlikdən əziyyət çəkmirəm, narkoloji və psixoloji kabinetlərdə qeydiyyatda deyiləm. Gündəlik 20-30 manat müqabilində fəhlə işləmişəm. Zərərçəkmiş Anarı Keşlə qəsəbəsindən tanımışam. Anar ilə sadəcə olaraq, salam-sağ olum olub. Anar Keşlə qəsəbəsində “Keşlə” məscidinin yanında yerləşən kafedə kababçı işlədiyini bilmişəm. Anar ilə heç bir düşmənçiliyim və ya ədavətim olmayıb. Əvvəllər heç bir problem yaşamamışam, hərdən Anarın işlədiyi kafeyə gedərək çörəkarası lülə yemişəm”. 
Rəhman qeyd edib ki, 9 aprel 2024-cü ildə, saat 13 radələrində yuxudan oyanıb, həmin gün heç bir işlə məşğul olmayıb: “Axşam saat 7 radələrində demək olar ki, hər gün getdiyim Könülün işlətdiyi kafeyə getmişəm. Həmin vaxt kafedə Könül və Keşlə sakini Ziya ilə yeyib-içmək qərarına gəldik. Bu səbəbdən Könül öz telefonu ilə Anarın işlədiyi kafedən kabab sifariş verdi. Ziya isə 1 litrlik dəyəri 13 manat olan arağı alaraq qayıtdı. Həmin gün saat 20 radələrində Anar kababçı işlədiyi Keşlə qəsəbəsində yerləşən həmin kafedən kuryer kababları gətirdi və Könül kababların 21 manat olan ödənişini etdi. Biz yeyib-içməyə başladıq. Mən lülə və digər kabablardan yeyərkən yediyim lülə kababın içindən sümük çıxdığı üçün çox əsəbiləşdim.  Lakin buna o qədər də əhəmiyyət verməyərək yeməyimi yeməyə davam etdim. Araqdan mən və Ziya təxminən 100 qram içdik. Biz yeyib-içdikdən sonra təxminən saat 22 radələrində kafeyə Anar daxil olub ayrı masada tək oturaraq özünə pivə sifariş verdi. Son 1-2 həftə ərzində Anarın tez-tez Könülün işlətdiyi kafeyə gəldiyini görmüşdüm. Mən Anarın əyləşdiyi masaya yaxınlaşaraq ondan lülə kababın içindən çıxan sümüyü göstərərək “bu dişdir? yoxsa sümük” deyə soruşdum. Anar isə “bilmirəm” cavabını verib ikinci pivəni sifariş verdi. Mən də öz masama geri qayıtdım. Mən öz masama geri qayıtdıqdan təxminən 10-15 dəqiqə sonra lülə kababından sümük çıxmasına və Anarın məndən üzr istəməməsinə özlüyümdə yenidən əsəbləşdim. Anara tərəf baxaraq “bu nə kababdı göndəriblər mənə?” dedim. Anar ayağa qalxaraq üzərimə gəlməklə mənə “sən uje məni bezdirdin. Ay qaqaş sən mənlə məzələnirsən?” deyə bildirdi. Həmin vaxt  əyləşdiyim masanın yanında ayaq üstə dayanmışdım. Bizim masalarımız bir-birimizə yaxın olub. Anarın üzərimə gəlməsi ilə “sən mənim üstümə gəlirsən?” ifadəsini işlətdim. Anarın və mənim əyləşdiyimiz masalar düz kafenin girişində biri sağda, digəri solda olmaqla yerləşdiyi üçün biz kafenin içində - giriş qapısının qarşısında bir-birimizin yaxasından tutmuşuq. Həmin vaxt Könül bizi aralamaq istədi. Biz bir-birimizə nə yumruq, nə təpik, nə də şillə zərbəsi vurmamışıq. Könül həmin vaxt mətbəxə keçdi. Anarın səhvini qəbul etməməsi məni əsəbləşdirdiyi üçün üstümdə gəzdirdiyim bıçağı gödəkçəmin sağ cibindən çıxardım və Anarın ürək nahiyəsindən 1 dəfə vurdum. Həmin vaxt Anar zərbənin təsirindən qışqıraraq kafenin çölünə çıxdı, qorxaraq qaçmağa başladı. Mən bıçağı Anarın ürək nahiyəsindən vurduğum üçün öləcəyini bilmişəm. Bu səbəbdən də arxasınca qaçmaq istəməmişəm. Həm də bıçaqla vurduqdan sonra əsəbim nisbətən soyuduğu üçün Anarın arxasınca qaçmaq istəmədim”. 

Rəhmanın ifadəsinə görə, daha sonra kafedən çıxıb və yaşadığı evə gedib: “Evə çatdıqdan sonra polis əməkdaşları tərəfindən polis idarəsinə dəvət olunduğu üçün Nizami Rayon Polis İdarəsinə getdim. Törətdiyim əməldən peşmanam. Hadisə vaxtı kafeni işlədən Könül, Ziya və Anardan başqa orada heç kəs olmayıb. Mənim Anarla mübahisəm lülə kababın içindən sümük çıxması və sonuncunun buna baxmayaraq, məndən üzr istəməməsi olub”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəhman Qəhrəmanov 17 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırıb ki, çıxış zamanı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 19 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif edib. O bildirib ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməsini yalnız onun 34 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla əsaslandırdığından həmin hökmü cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza təyin edilməsi əsası ilə dəyişdirilib, ona sanksiya çərçivəsində daha yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Həmçinin hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. 

Hər iki tərəfin şikayəti Bakı Apellyasiya Məhkəməsində araşdırılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti, həm də dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
2
12
demokrat.az

10Mənbələr