Azərbaycanda gələn il siyasi partiyalara ayrılacaq vəsait artırılacaq. Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında bu barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait bir milyon manat və ya 20 faiz artırılır.
Büdcə layihəsinin ilkin variantında partiyalar üçün 5 milyon manatın artırılması nəzərdə tutulmuşdu. Beləliklə, gələn il siyasi partiyalara 6 milyon vəsait ayrılacaq.
Modern.az gələn il parlamentdə təmsil olunmayan partiyalara nə qədər vəsait ayrılacağını araşdırıb.
Qeyd edək ki, Azərbaycanda hazırda 26 siyasi partiya fəaliyyət göstərir. Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qeydiyyatda olan siyasi partiyaların 25-i iştirak edib. Onların 11-i parlamentdə təmsil olunur.
Ötən il qüvvəyə minən “Siyasi partiyalar haqqında" qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və seçkilərdə səs qazana bilən bütün partiyalar dövlətdən yardım ala biləcək.
Sözügedən qanuna əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi seçkilərdə iştirak edib səs toplayan, ancaq parlamentə düşə bilməyən partiyalara ayrılacaq. Yəni, 2025-ci ildə 15 siyasi partiyaya təxminən 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Vəsaitin yarısı partiyalar arasında bərabər (hər bir partiyada 10 min manatdan artıq), yarısı isə parlament seçkilərində topladıqları səsə əsasən bölünəcək.
Sonuncu parlament seçkilərində parlamentə düşə bilməyən partiyalar arasında ən çox səs toplayanlar Müsavat Partiyası, Ağ Partiyası, Ümid Partiyası olub. Onlara yuxarıda nəzərdə tutulan maliyyədən əlavə 23-30 min manat arası vəsait veriləcək. Yəni, bu partiyalara il ərzində təxminən 33-40 min mant arasında maliyyə yardımı ediləcək.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Xalq Partiyası (AXP) və Azad Vətən partiyalarına topladıqları səsə görə əlavə 10 min manatdan artıq vəsait ödənilməsi gözlənilir.
Digər partiyalara isə daha az – 1-6 min manat arasında vəsait ayrılacağı ehtimal edilir.