Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi imkanını müzakirə edəcəklər.
“Cebheinfo.az” xəbər verir ki, “Politico” nəşri diplomatik mənbələrə istinadən bu məlumatı yayıb.
“Hansısa bir anda orada bəzi qüvvələr (yerləşəcək). Bunların amerikalı olması ehtimalı azdır. Yalnız avropalılar qalıb”, - nəşr belə qeyd edir.
Diplomatın sözlərinə görə, Qərb qoşunlarının kontingentinin göndərilməsi ilə bağlı müzakirələr konseptual səviyyədə aparılır.
Xatırladaq ki, dekabrın 13-də “Politico” nəşri Aİ liderlərinin Prezident Volodimir Zelenski və NATO-nun Baş katibi Mark Rutte ilə dekabrın 18-də Brüsseldə keçiriləcək görüşdə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü məsələsini müzakirə etmək istədiklərini yazmışdı.
Görüşdə Almaniya kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makron, Avropa Komissiyasının sədri Ursula fon der Lyeyen, Polşa Prezidenti Anjey Duda və Avropa Şurasının sədri Antonio Kostanın da iştirak edəcəyi xəbər verilir.