“Ermənistanın silahlanması yolverilməzdir”.
Bunu Bakıvaxtı.az-a politoloq Zaur Məmmədov bəzi dövlətlərin Ermənistanı silahlandırmasına münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, Ermənistanın silahlanması ona görə qəbuledilməzdir ki, məğlub olan ölkə hətta orduya belə malik olmamalıdır:
"Amma biz görürük ki, Ermənistanda nəinki orduya malikdir, hətta hərbi büdcələrini ilbəil artırır. Ermənistan tarixində ilk dəfə olaraq bu qədər böyük həcmdə və kütləvi şəkildə hərbi büdcəyə daxilolmaları görürük”.
Müsahibimiz vurğulayıb ki, eyni zamanda ayrı-ayrı dövlətlər Ermənistanı silahlandırmaqla məşğuldurlar. Z.Məmmədov qeyd edib ki, prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışı, ümumiyyətlə Azərbaycan tərəfinin Ermənistanın silahlanması ilə bağlı bəyanatları tamamilə məntiqlidir və baş verən hadisələrə adekvat reaksiyadır:
“Hesab edirəm ki, Ermənistan təcili şəkildə bu məsələyə aydınlıq gətirməlidir. Ümumiyyətlə, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı 40 km.lik Qərbi Zəngəzur ərazisində, eyni zamanda Göyçə gölündən Azərbaycanın şərti sərhədlərinə qədər olan ərazidə heç bir ağır silahlar, hücum xarakterli raket sistemləri olmamalıdır. Bu ərazilərdə demilitarizasiya həyata keçirilməlidir".
Zaur Məmmədov: O zaman Azərbaycanın Ermənistanın demilitarizasiya məsələsi gündəmə gətiriləcək
Həmsöhbətimiz vurğulayıb ki, əgər Ermənistan bu şəkildə silahlanmağa davam edərsə, Fransa, Hindistan və digər ölkələr ermənilərə silah verməyi sürdürərsə, o zaman gələn ilin əvvəlindən başlayaraq Azərbaycanın Ermənistanın demilitarizasiya məsələsi gündəmə gətiriləcək:
"Ona görə də Ermənistan yaxşı-yaxşı düşünməlidir. İrəvan anlamalıdır ki, sülh prosesinin uzanması heç də onların xeyrinə deyil və bu, Azərbaycanın şərtlərinin, tələblərinin genişlənməsi, çoxalması anlamına gəlir. Son 4 ildə Azərbaycanın davranışları və əldə etdikləri bunu dəfələrlə sübut edib".
Aydın Baxış