AZ

Ali Məhkəmədən paylı mülkiyyətlə bağlı mühüm qərar

Ali
6 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” qərardad qəbul edilib. Ali Məhkəmədən 1news.az-a verilən məlumata görə, sözügedən qərardadın tətbiqi nəticəsində paylı mülkiyyətlə bağlı mübahisələr üzrə məhkəmə çəkişmələri zamanı yaranan bir sıra problemlər öz həllini tapacaq.
Belə ki, paylı mülkiyyətin digər iştirakçılarının mənafeyinin müdafiəsi baxımından ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunacaq. Vətəndaşların mənafeyinin müdafiəsinin səmərəli təşkili və prosessual qənaət prinsipi baxımından iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğu zaman, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdıracaq. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən edərək cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul edəcək. Bu qayda digər paylı mülkiyyətçilərin öz mülkiyyətini qoruyub saxlanması imkanının mövcudluğuna xidmət edəcək.

Həmçinin icra mərhələsində yarana biləcək mümkün problemlərin qarşısının alınması məqsədilə ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərəcək.

Seçilən
19
23
1news.az

10Mənbələr