AZ

 KTMT-Ermənistan münasibətləri dalana dirənib: Moskva İrəvana qarşı addım atarsa, dərhal cavabını alacaq

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırması çox böyük səhvdir. İrəvan həmişə Moskvadan və təşkilat üzvlərindən böyük yardım alıb. 
Bu fikirləri TASS-a müsahibəsində 2003-2016-cı illərdə KTMT-nin baş katibi olmuş Nikolay Bordyuja deyib.
"Ermənistanın siyasi rəhbərliyinin Rusiyadan heç bir yardımın almadıqlarını, demək olar ki, orada bütün bu çevrilişləri Rusiyanın hazırladığını, KTMT-dən heç bir kömək görmədiyini deməyi tamamilə yalandır", - o əlavə edib.

Sabiq baş katib qeyd edib ki, onun gözü qarşısında bunun əksi baş verib.
"Həm Ermənistanın silahlı qüvvələri, həm də Ermənistanın bütün güc strukturları Rusiyadan yardımlar - təşkilati, elmi-texniki yardım alıb. Rusiyanın Ermənistanın silahlı qüvvələrinə və ümumilikdə Ermənistana nə qədər sərmayə qoyduğunu hesablasanız, düşünürəm ki, bu, çox böyük məbləğ olacaq", - Bordyuja qeyd edib.

Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dayandırıb.

Politoloq Elçin Alıoğlu "Sherg.az"a bildirib ki, Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyi 30 il ərzində Ermənistan rəhbəri Serj Sarkisyan həmişə KTMT-yə güvənərək özünü "çomaq altında" rahat və təhlükəsiz hiss edib:

"2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya ilə əlaqələrə yenidən baxılması və təftiş edilməsi prosesinə başlanıldı. Bu ilin fevralında isə Ermənistan KTMT-də üzvlüyünü dondurdu. Daha sonra isə təşkilata üzvlük haqqını ödəməkdən imtina etdi. İyunun 12-sində Paşinyan bəyan etdi ki, KTMT ilə İrəvan arasındakı münasibətlərdə yeni məntiqi addım Ermənistanın bu təşkilatdan çıxması ola bilər. Lakin sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, Ermənistan hakimiyyət dairələri özlərində qərar verəcəklər ki, bu təşkilatdan nə zaman çıxsınlar. Sentyabrın 18-də Paşinyan KTMT-nin Ermənistan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini söylədi. Onun sözlərinə görə, bu təşkilat dövlət üçün mövcudluq, dövlətçilik və suverenlik təhdidləri yaradır. Ən nəhayət, noyabrın 28-də KTMT-nin Zirvə toplantısında Ermənistan iştirak etmədi".

Politoloqun sözlərinə görə, Nikolay Bordyjuanın fikirləri Ermənistana müəyyən dərəcədə xəbərdarlıq sayılır:
"Çünki KTMT ilə Ermənistan arasında faktiki olaraq bu dəqiqə heç bir əlaqə yoxdur. Eyni zamanda bu ölkədə silahlanma, remilitarlaşma və Ermənistan xarici siyasətinin Qərbə yönəlikliyinin sürətləndiyini nəzərə alsaq, KTMT və Ermənistan arasında münasibətlərin bərpası gözlənilmir. Digər tərəfdən Rusiyanın Ermənistana təzyiq etməsi, "cəzalandırması" mümkün deyil. Çünki Qərb bu ssenarini də hesablayıb. Yəni Rusiya Ermənistana qarşı hər hansı addım atarsa, dərhal cavabını alacaq. Ukraynada apardığı işğalçı müharibədən dolayı Qərbin sanksiyalarına məruz qalan Rusiya Ermənistandan təkrar embarqodan yayınmaq üçün tranzit məkan istifadə edir. Ona görə də Rusiya-Ukrayna müharibəsi bitməmiş Ermənistana qarşı hər hansı bir addım atacağı ağlabatan versiya deyil".
Seçilən
38
50
sherg.az

10Mənbələr