Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında caz- muğamının banisi, dünya şöhrətli pianoçu və bəstəkar Vaqif Mustafazadənin vəfatının 45 illiyinə (1940-1979) həsr olunmuş "Maestroya sevgi ilə" konserti keçirilib. Konsert PASHA Private Banking -in dəstəyi ilə Vaqif Mustafazadə adına Xeyriyyə Fondu tərəfindən təşkil olunub.
Gecənin açılışında konsert proqramının aparıcısı, Əməkdar artist Firdovsi Atakişiyev adını dünya caz tarixinə yazan Vaqif Mustafazadənin musiqi mədəniyyətinin inkişafına və təbliğinə verdiyi böyük töhfəni qeyd edib. Vaqif Mustafazadə Ev-muzeyin direktoru və Xeyriyyə Fondunun sədri Afaq Əliyeva bildirib ki, ustad caz musiqisini dərin köklərə malik Azərbaycan muğamı ilə sintez edərək dünya musiqi inciləri xəzinəsinə daxil olan nadir əsərlər yaradıb. Onun musiqidə etdiyi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər çıxışlarında Vaqif Mustafazadənin yaratdığı caz və muğam sintezindən istifadə edirlər. Vaqif Mustafazadə qısa (cəmi 39 il), lakin parlaq və mənalı ömür yaşayıb. Monako, Gürcüstan, Estoniya, Ukrayna, Azərbaycan, Özbəkistanda caz festivallarının laureatı, Gürcüstanın "Orero" Ansamblının musiqi rəhbəri, Gürcüstan Dövlət Filarmoniyasının nəzdində "Qafqaz"- ın və Azərbaycan Dövlət Radiosunun nəzdində "Leyli" və VIA "Sevil" vokal kvartetinin banisi, "Muğam" kollektivi olmuş, SSRİ şəhərlərini və Latın Amerikası ölkələrini uğurla gəzmişdir. SSRİ-də orijinallığı, virtuoz texnikası, özünəməxsus harmonik musiqi dili ilə milyonlarla sevgini qazanan "Əməkdar artist" adını alan ilk caz ifaçısı idi. Bəstəkar 1300-dən çox əsər yazdı, bunların arasında simfonik və kamera musiqisi, fortepiano parçaları da var idi. Konsert proqramında tanınmış musiqiçilər Vaqif Mustafazadənin əsərlərini - Xalq artisti Salman Qəmbərovun "Muğam", Əməkdar artist Şahin Növrəslinin "Xatirələr", Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riyad Məmmədov "Əzizənin intizarında" və "Bahar" əsərlərini, Əməkdar artist İsfar Sarabskinin "Aman ovçu" əsərini və Vaqif Mustafazadəyə həsr olunmuş əsəri, Əməkdar artist Emil Əfrasiyab isə ustadın yaradıcılıəğından parçalar ilə gecəni tamamlayıb. Konsertin xüsusi qonağı, dünya şöhrətli rusiyalı pianoçu Yakov Okun Bakıda Vaqif Mustafazadənin xatirə gecəsində çıxış etməkdən böyük şərəf duyduğunu qeyd edərək, musiqiçinin caz mədəniyyətinə böyük töhfəsini vurğulayaraq, Giant Steps və Softly as in a morning suprise kompozisiyalarını ifa edib. Musiqiçilərin çıxışları Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov, Həsən Bilalov (zərb alətləri), Elvin Nəbiyevin (bas gitara) müşayiəti ilə baş tutub. Möhtəşəm caz gecəsi tamaşaçıların alqışları altında keçdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az