AZ

Ermənistanı silahlandıran 1 saylı ölkə- Fransa Azərbaycanın ittihamlarına rəsmi cavabdan yayınır...

Image

Tural İsmayılov:"Bir tərəfdən Ermənistanı təxribatlar və provokasiyalar üçün qızışdırır, digər tərəfdənsə, Azərbaycandan çəkindiyi üçün tam olaraq hansı silahları verdiyini, Ermənistana nə qədər silah partiyası ötürdüyünü açıqlamaqdan qorxur" 

"Təəssüf edirik ki, Fransa beynəlxalq hüquqa zidd olaraq Ermənistanın silahlandırılması proqramında iştirak edir" . Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var: “Ermənistan tərəfinin silahlanmasının arxasında duran əsas qüvvələrdən biri Fransadır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir. Silahlar təkcə Ermənistan tərəfindən verilmir”.

Neçənci dəfədir ki, Azərbaycan Fransanın Ermənistanı silahlandırması ilə bağlı yüksək səviyyədə bəyanat verir və Fransanı qınayır. Amma Fransadan Ermənistanın silahlandırılması ilə bağlı rəsmi səviyyədə açıqlama yoxdur ki, o Ermənistanı nə üçün silahlandırır. Bunlar Ermənistanın nəyinə xidmət edirlər? Bununla bağlı hələlik Fransa tərəfdən bir məzmunlu açıqlama yoxdur. Fransa niyə bu barədə açıqlama verməkdən qorxur? Ermənistanı niyə silahlandırır? Bu suallara açıq cavab verməkdən və Azərbaycanın ittihamlarını cavablandırmaqdan niyə yayınır, niyə qorxur?

"Bu halda da biz bir daha görürük ki, Fransanın Ermənistana silahlar verməsi... "

Politoloq Tural İsmayılov "Bakı-Xəbər"ə şərhində "Əlbəttə, bu gün müşahidə olunan tendensiya ondan ibarətdir ki, Fransa tərəfindən Ermənistan qəsdli formada silahlandırılır" - deyə bildirdi. 

T.İsmayılov qeyd etdi ki, doğrudan da regionda Azərbaycan tərəfindən sülhün təşviq edildiyi, sülhlə bağlı çağırışlar edildiyi bir vaxtda Fransanın Ermənistanı dayanmadan silahlandırması prosesi davam etdirilir. 

"Əlbəttə ki, bölgəyə ancaq qarışıqlıq vəd edir. Fransa Ermənistanı ona görə silahlandırır ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasın. Həmçinin də  Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmasın və  sabah, yaxud başqa bir vaxt Fransa istəyəndə, tarix boyu olduğu kimi, Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə edə bilsin. Əlbəttə ki, bununla da Fransa bir daha göstərir ki, bu addımları ilə heç Ermənistanın maraqlarına da xidmət etmir. Ermənistanı ambissiyalara, aqressiyalara, od-alovun içərisinə çəkmək Fransanın Ermənistana qarşı niyyətlərinin də saf və təmiz olmadığını növbəti dəfə göstərmiş olur. Eyni zamanda Fransa Ermənistana hansı silahları verdiyini də tam açıq-aydın formada söyləyə bilmir. Yəni bir tərəfdən Ermənistanı təxribatlar və provokasiyalar üçün qızışdırır, digər tərəfdənsə, Azərbaycandan çəkindiyi üçün tam olaraq hansı silahları verdiyini, Ermənistana nə qədər silah partiyası ötürdüyünü açıqlamaqdan qorxur. Bütövlükdə, Fransanın Ermənistanı silahlandırması Türkiyə ilə bağlı oynanılan təhlükəli oyunların davamıdır. Bu halda da biz bir daha görürük ki, Fransanın Ermənistana silahlar verməsi, bölgə ilə bağlı biryanlı siyasəti işğalçılıq zehniyyətin növbəti davamı kimi xarakterizə edilə bilər. Bütövlükdə, Fransa beynəlxalq hüququ tapdalayır. Hətta bu gün onun Ermənistana ötürdüyü silahlar və eyni zamanda Ermənistanla imzalanan "hərbi müqavilələr" də beynəlxalq hüquq baxımından legitim deyil" - deyə T.İsmayılov qeyd etdi.

İradə SARIYEVA





Seçilən
38
baki-xeber.com

1Mənbələr