AZ

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik etdi

Bakı, TurkicWorld

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

TurkicWorld xəbər verir ki, sənədə əsasən, hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçilirlər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.

İmtahanların və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər.

Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayır.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verir.

Bu Qanunun 96-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər.

Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında inzibati vəzifəyə və ya prokurorluq işçisi kimi prokurorluğa qulluğa qəbul edilmiş şəxslər Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunlamüəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilərlər.

Təyin olunduqdan dərhal sonra onlar peşə hazırlığı məqsədilə müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilmiş qaydada təlimə cəlb edilirlər. 3 illik müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi

Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və onların peşə hazırlığının artırılması üzrə ehtiyacların müəyyən edilməsi işinin aparılması məqsədilə formalaşdırılan orqandır.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti bu Qanunla, "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurasının qəbul etdiyi Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnamə və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası ilə tənzimlənir.

Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurası haqqında Əsasnaməni təsdiq edir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır.

Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.

Hakimlərin fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndirilir.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndirilir.

Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyəti qiymətləndirilən hakimin, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin məlumatları və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurası üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəy tərtib etməklə Məhkəmə-Hüquq Şurasına təqdim edir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəyi Məhkəmə-Hüquq Şurasının üzvlərinə qiymətləndirmə ilə bağlı Məhkəmə‑Hüquq Şurasının iclasına ən geci 10 gün qalmış təqdim edilir.

Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindən daxil olmuş yekun rəyi iclasında müzakirə edir və hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dair qərar qəbul edir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasında müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habelə ziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı ilə yekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytarır. Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqları aradan qaldırır və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim edir.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edirlər. Qiymətləndirmə ilə bağlı Məhkəmə‑Hüquq Şurasının iclası Şuranın səsvermədə iştirak etmək hüququ olan hakim üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərar Məhkəmə-Hüquq Şurasının səsvermədə iştirak edən hakim üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edənin səsi həlledici hesab olunur.

Hakimin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunur:

hakimin fəaliyyəti yüksək qiymətləndirilir;

hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirilir;

hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar var.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi imkanı nəzərdən keçirilir.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin tutduğu vəzifəyə uyğunluğu barədə qərar qəbul edilir.

Bu Qanunda nəzərdə tutulmuş halda, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrar, lakin bir ildən tez və iki ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir.

Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunur:

fəaliyyəti qənaətbəxş qiymətləndirilir;

fəaliyyətində peşəkar çatışmazlıqlar var.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiya sədrinin inzibati vəzifəyə təyinatı ilə bağlı təklifin verilməsi barədə qərar qəbul edilir.

Bu Qanunda nəzərdə tutulmuş halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavininin və ya kollegiya sədrinin tutduğu vəzifədə işləməyə uyğun olmaması barədə qərar qəbul edilir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi

Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırır:

Azərbaycan Respublikası Ali Məhkəməsinin üç hakimi;

apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;

birinci instansiya məhkəmələrinin üç hakimi.

Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz.

Hakimlərin Qiymətləndirilməsi Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.

Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün bu Qanunda nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.

Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.

Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifəsinə namizədlərin sənədlərini toplayır, bu şəxslər üçün şəffaf surətdə test imtahanı, yazılı imtahan və müsahibə təşkil edir.

Hakimlərin Seçki Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir.

Bundan əlavə, Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Seçilən
16
6
turkic.world

7Mənbələr