AZ

ADA-da hüquqşünaslıq üzrə magistr təhsili almaq mümkün OLACAQ – FOTO

ADA Universiteti ixtisasları sırasına daha birini əlavə edərək hüquqşünaslıq üzrə magistr proqramını təqdim edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanda hüquq təhsilinin inkişafında mühüm rol yer alacaq bu proqramın təqdimatını keçirmək, həmçinin ictimaiyyəti məlumatlandırmaq məqsədilə dekabrın 16-sı Açılış tədbiri keçirilib. 

ADA Universitetinin akademik portfelində xüsusi yerə malik olacaq və hüquq təhsili sahəsində beynəlxalq standartlara cavab verəcək bu yeni proqramın təqdimatında Hüquq fakültəsinin dekanı Rəşad İbadov ilk çıxış edərək proqramın milli hüquq sisteminin inkişafına verə biləcəyi töhfələrdən bəhs edib.


Qeydiyyat və Tələbə xidmətləri üzrə prorektor Günay Ziyadova çıxışı zamanı proqramın ADA Universitetinin təhsildə mükəmməllik missiyası ilə olan əlaqəsinə, akademik kurrikulum vasitəsilə tələbələri yerli və beynəlxalq əmək bazarına hansı formada hazırlayacağına, eləcə də qəbul və seçim meyarlarına toxunub.  

Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov yeni proqramın tədris planı, metodu və strukturundan, habelə müasir çağırışlara cavab verən hüquqşünaslar yetişdirmək üçün nəzərdə tutulan nəzəri və praktiki yanaşmasından söhbət açıb.

Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov proqramın hüquqi islahatları irəli aparmaq və karyera inkişafını dəstəkləmək kimi vacib ehtiyacları hansı formada qarşılayacağını açıqlayıb.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının ədliyyə naziri və ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Fərid Əhmədov təqdim edilən magistr proqramını ölkəmizdə beynəlxalq standartlarda hüquq təhsili vermək üçün atılan strateji addım kimi qiymətləndirib:


"Bizdə məslək olaraq hüquqşünaslığı mənimsəmiş xeyli sayda peşəkar hüquqşünaslar var. Hüquq sahəsinin inkişafında atacağınız bir sıra addımlar var ki, hesab edirəm ki, magist proqramı bu addımların əsasını qoymuş olur".

Tədbirdə yekun nitqlə çıxış edən Rektor Hafiz Paşayev vurğulayıb ki, peşəkar hüquqşünaslara olan ehtiyacı nəzərə alan, müvafiq sahədəki boşluqları doldurmaq səylərini dəstəkləyən ADA Universiteti bu yeni proqramı yalnız akademik nailiyyət kimi deyil, Azərbaycanın və onun aid olduğu regionun hüquq sisteminin gələcəyinə edilən elmi investisiya kimi dəyərləndirir.
















Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
19
6
bizim.media

7Mənbələr