AZ

Kadırov döyüşçülərini Suriyaya göndərmək istəyir - Əsədi devirən müxalifətlə tərəfdaşlıq da təklif edir

Çeçenistanın rəhbəri Ramzan Kadırov Suriyada Bəşər Əsəd rejiminin devrilməsində böyük rol oynamış “Həyat Təhrir əl-Şam” qruplaşmasının Rusiyanın "terror təşkilatları siyahısı"ndan çıxarılması proseduruna başlamağı təklif edib. 

“AzPolitika” xəbər verir ki, öz “teleqram” kanalında bununla bağlı paylaşım edən Kadırov cəmi 3 həftə əvvəl Kremlin ən yaxın strateji müttəfiqi olan Bəşər Əsəd rejimini devirmiş qüvvələrlə tərəfdaşlıq etməyə hazır olduğunu qeyd edib.

O, bunun guya Suriyada humanitar fəlakətin qarşısını almaq üçün lazım olduğunu yazıb. Hansı ki, uzun illərdir Suriyada yüzminlərlə insanın qətlinə və humanitar, sosial fəlakətlər, faciələr yaşamasına səbəb olan Bəşər Əsədi dəstəkləyən və törətdiyi cinayətlərdə ona kömək edən İranla bərabər məhz Rusiya olub.

Kadırov yazıb: “Kollektiv Qərb Rusiya ilə Suriyanın yeni hakimiyyət orqanları arasında eskalasiya yaratmağa çalışır, lakin biz belə bir ssenariyə imkan verməyəcəyik”.

Onun sözlərinə görə, Moskva və Dəməşqdə hakimiyyətə gələn müxalifət qüvvələri “ilk əlaqələri qura və problemləri həll etməyə başlaya biləcək təmas qrupu” təşkil etməlidir.

Kadırov digər məsələlərlə yanaşı, çeçen polislərinin Suriyaya yerli hüquq-mühafizə orqanları ilə birlikdə küçə patruluna göndərilməsini təklif edib: “Rusiyanın Suriyada hər hansı mövcudluğu sabitlik və xalqın təhlükəsizliyinə xidmət edəcək”.

“AzPolitika.info”

Seçilən
4
azpolitika.info

1Mənbələr