AZ

Makron Fransası Gürcüstanı xaosa sürükləyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa Prezidenti Emmanuel Makron "trend"dən geri qalmayaraq Gürcüstanı şantaj kampaniyasına qoşulub. O, Tbilisinin daxili işlərinə qarışmağa, etirazları dəstəkləməyə, qonşu ölkə ilə bağlı pozucu aktiv siyasətə başlayıb.
Gürcüstanda yeni prezident seçildikdən sonra orada yenidən vəziyyəti gərginləşdirməyə, yeni siyasi böhran yaratmağa çalışılır. Bu böhranın önündə isə Fransa vətəndaşlığı olan prezident Salome Zurabişvili durur. Səlahiyyət müddəti bu gün başa çatan xanım prezident istefa verməkdən imtina edib və iqamətgahda müdafiəyə hazır olduğunu açıqlayıb.
Makron hakimiyyəti də bu vəziyyətdən istifadə etməyə çalışır. Elə Salomenin əmr və tapşırıqları ondan aldığı da sirr deyil. Bir sıra ciddi mənbələrə görə, Gürcüstan prezidenti postuna gətirilən bu xanım ilk gündən Fransadan aldığı təlimatlar üzrə hərəkət edib, hətta yerli KİV-də "Fransa casusu olan prezident" kimi də qələmə verilir.
Gürcü mediasında yer alan xəbərlərə görə, Makron Gürcü Arzusu Partiyasının qurucusu, Fəxri Legion ordeninin kavaleri Bidzina İvanişviliyə zəng edib. Təxminən bir saat davam edən danışıqlarla bağlı Yelisey sarayı yaydığı məlumata görə, Makron vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təhdidləri, eləcə də hüquq-mühafizə orqanları tərəfindən dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığı pisləyib.
Bundan əlavə, o, "özbaşına həbs edilənlərin azad olunmasını, fikir və toplaşmaq azadlığına hörmət edilməsini tələb edib" xəbərini yayıb.
Bu da birbaşa rəsmi Parisin ölkənin daxili işlərinə qarışmasının bariz nümunəsidir. Makronun fikrincə, Tbilisi Avropa inkişaf yolundan yayınıb:
"Vəziyyəti düzəltmək üçün Gürcü Arzusu Partiyası xalqın demokratik ruhuna hörmət edərək bütün siyasi qruplar və vətəndaş cəmiyyəti nümayəndələri ilə inklüziv dialoqa başlamalıdır".
Gürcü Arzusu Partiyası isə məsələyə fərqli şərh verib. Partiyadan bildirilib ki, Makron Qafqaz respublikasının hakim elitasını tənqid etməyib, əksinə, kütləvi etiraz aksiyaları ilə əlaqədar onlara rəğbət göstərib və bu vəziyyətin tam həllinə "kömək etməyə hazır" olduğunu bildirib.
Maraqlıdır ki, bu telefon danışığından əvvəl S.Zurabişvili doğulub böyüdüyü Fransaya səfər edib. O, Paris Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimindən istifadə edərək təkcə Makronla deyil, həm də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar aparıb. Öz dediyinə görə, söhbətlər zamanı o, "oğurlanmış parlament seçkisini və gürcü xalqına qarşı son dərəcə narahatedici repressiyaları ifşa edib".
Ehtimal olunur ki, Zurabişvili gələcək fəaliyyət üçün Fransadan müəyyən əmr və tapşırıqlar alıb. Bunu da yaxında həyata keçirməyə çalışacaq.
Makronun zəngi, Zurabişvilinin səfəri gürcü cəmiyyətində də hakimiyyətə təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Məsələn, Dəyişiklik Koalisiyasının liderlərindən biri Zurab Caparidze hesab edib ki, Makron İvanişviliyə son xəbərdarlığını edib.
"Güman edirəm ki, ölkədə baş verənlər Fransa üçün qəbuledilməzdir və əgər belə davam edərsə, Paris müəyyən tədbirlər görə bilər və hətta Avropa İttifaqının Gürcü Arzusuna təzyiqində aparıcı rol oynaya bilər", - deyə əlavə edib.
Gürcü Arzusunda isə fərqli düşünürlər. Hesab edirlər ki, Makronun İvanişviliyə zəngi müxalifətə məğlubiyyətlə barışmaq siqnalıdır. Belə ki, hakim partiyanın üzvü Levan Maxaşvili hesab edir ki, Paris Tbilisi ilə münasibətləri qarşılıqlı hörmət əsasında davam etdirməyə hazırdır.
"Hər iki tərəf bu gün üçün vacib olan bütün məsələləri, o cümlədən Gürcüstanda baş verən prosesləri ətraflı müzakirə edib... Gördüyümüz tədbirlərin mütləq nəticə verəcəyini gözləyirik. Ən əsası odur ki, parlament dinc fəaliyyətini davam etdirir. Bu zəng münasibətlərin qarşılıqlı hörmət əsasında davam etməsinə kömək edəcək və bizdə olan bütün destruktiv proseslər dayanacaq", - deyə Maxaşvili bildirib.
Bunu isə Makronun ikili oyunu ilə izah etmək olar. Fransa lideri anlayır ki, Qərbin, xüsusən də ABŞ-nin Gürcüstanda vəziyyəti nəzarətdən çıxarmaq, ölkədə qarşıdurma yaratmaq cəhdi baş tutmayacaq. Bu səbəbdən də indiki hakimiyyətlə kompromisə getməyə çalışır.
Görünən odur ki, Gürcüstan keçmiş tərəfdaşları tərəfindən görünməmiş təzyiqə məruz qalır. Necə deyərlər, vətəndaşlar "seçkidə səhv səs verdiklərinə görə" cəzalandırılır. Qərb iddia edir ki, bu ölkədə həm parlament, həm də prezident seçkiləri ciddi pozuntularla keçib. Halbuki seçki pozuntularının miqyası, ümumiyyətlə, onların nəticələrini şübhə altına alacaq qədər böyük deyil. Seçkidən sonrakı etirazların miqyası da seçkidə kütləvi pozuntuların sübutu sayılacaq qədər böyük deyil.
Digər bir məqam ondan ibarətdir ki, Avropa və Amerika "demokratiya qiymətləndiriciləri" Ermənistanda Nikol Paşinyanın antikonstitusion addımları bir dəfə də olsun müzakirə olunmayıb. Konstitusiya Məhkəməsini özünə tabe edən, siyasi rəqiblərini "asfalta döşəyəcəyini" və ya "divara yapışdıracağını" vəd edən baş nazirə "gözün üstə qaşın var" da deyən olmayıb.
Bu fonda Qərbin Gürcüstanı "ram etmək" "tərbiyələndirmək" cəhdləri ikili yanaşmanın bariz nümunəsidir. Lakin inqilab ssenarisi baş tutmadı və nəticədə Qərb təkcə Gürcüstanda deyil, regionda sürətlə mövqelərini itirməkdədir.
Bəllidir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedən Makron birtərəfli qaydada Ermənistanı müdafiə edir, bölgədə sülh və əmin-amanlığın bərpasına mane olur. Qarabağın azadlıq müharibəsi başa çatdıqdan sonra daha da aqressivləşən Yelisey sarayı Ermənistanı revanşizmə sürükləyir, onu silahlandırır.
Elə bu gün Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfərinin təşkili də bu siyasətin tərkib hissəsi adlandırılmalıdır. İndi də analoji olaraq müstəqil xarici siyasət yeridən Gürcüstan iqtidarı hədəfə alınır.
"Report" İnformasiya Agentliyi
Seçilən
33
14
oxu.az

10Mənbələr