AZ

"Neqativ meyilli tədbirlər inflyasiyanın tənzimlənməsində daha effektivdir" — İqtisadçı

Bu il həyata keçirilən anti-inflyasiya tədbirləri öz töhfəsini verib. Baş nazir Əli Əsədovun sözlərinə görə, artıq 11 ayda iqtisadi artım 4,1% olub, o cümlədən qeyri-neft sektorumuz 6.4% artıb. O, Milli Məclisin iclasında deyib ki, strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb: “Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7.3%-ni təşkil edir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və bunun idxal qiymətlərinə azaldıcı təsiri inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib”. 

Ant-inflyasiya tədbirlərinə münasibət bildirən iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, görülən işləri iki yöndən qiymətləndirmək olar:

“Bunlardan birincisi pozitiv meyilli tədbirlərdir. Yəni, yerli istehsalatın dəstəklənməsi, fiskal və vergi güzəştlərinin verilməsi yolu ilə yerli istehsal və idxal üçün əlverişli mühitin yaradılması və dolayısıyla bazarda istehlak səbətinə daxil olan məhsullar və əsas kateqoriyalar üzrə təkliflərin formalaşmadırılması, mənfəət norması və qiymət optimallığının təmin edilməsi kimi tədbirlər və digər təşviqlərdən istifadə etmək bura aiddir. İkincisi isə, bir tərəfdən neqativ xarakterizə edilə bilən 2024-cü ildə sosial paketlərin açıqlanmaması və fiskal çərçivədə inflyasiyanın tənzimlənməsi istiqamətində tədbirlər, digər tərəfdənsə hökumətin sabit məzənnə siyasətini davam etdirməsi yolu ilə xüsusilə də idxal istiqamətində inflyasiya meyillərinin tənzimlənməsi sahəsində ortaya qoyulan məqamlardır”. 

Ekspert qeyd edib ki, neqativ aspektdən qiymətləndirilən tədbirlər  inflyasiyanın tənzimlənməsində daha effektiv dəyərləndirilə bilər:

“Çünki xüsusilə də sabit məzənnə hazırda hökumətin əlində ən əlverişli alətlərdən biri kimi istifadə olunur, region ölkələrindən inflyasiyanın idxalı ilə mübarizə yönündə. Amma, eyni zamanda, fiskal genişlənmə ilə bağlı və yaxud da sosial paketlərin açıqlanması ilə əlaqədar 2024-cü ildə ortaya qoyulan konservativ mövqenin qiymət indekslərinə və ya inflyasiyanın artım tempinə töhfəsinin azalması baxımından əhəmiyyətli idi. Amma bu, həm də neqativ təsirləri ilə qiymətləndirilir. O baxımdan ki, əhalinin sosial-həssas qrupları, xüsusilə müavinət, təqaüd və büdcə təşkilatlarından aldığı əməkhaqqı ilə dolanan əhalinin sosial qruplarının alıcılıq gücünün zəifləməsi fonunda hökumət inflyasiya hədəfinə müəyyən qədər nail bildi”. 

R.Həsənov onu da əlavə edib ki, ümumilikdə pozitiv meyilli tədbirlərin nəticələri neqativ meyilli tədbirlərlə müqayisədə daha az hiss olunub: 

“Bu istiqamətdə təsir dairəsinin genişləndirilməsi nəticəliliyin artırılması ilə bağlı hökumət öz siyasətinin davamlılığını və əhatəliliyini təmin etməlidir. Ona görə ki, gələcəkdə inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində “kəmərsıxma” siyasəti kimi sərt alətlərdən istifadə etmək zərurəti yaranmasın”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
32
demokrat.az

1Mənbələr