AZ

Bakıda keçirilən CardioFest 2024 - Region üçün unikal hadisə

13-15 dekabr tarixlərində Bakıda tibb və elmi dairələr üçün əlamətdar bir hadisə baş tutdu — CardioFest Azərbaycan 2024.

Bu, regionda ilk dəfə olaraq dörd böyük beynəlxalq konqresi bir araya gətirən unikal bir festival oldu. Tədbir təkcə peşəkar müzakirələrin deyil, həm də müxtəlif sahələrdən olan mütəxəssislər arasında əməkdaşlıq üçün platforma rolunu oynadı.

CardioFest 2024-ün əsas məqsədi kardiologiya və daxili xəstəliklər sahəsində müasir tendensiyaların və innovativ yanaşmaların geniş müzakirəsinə şərait yaratmaq idi. Tədbirdə 18 ölkədən gələn ekspertlər öz bilik və təcrübələrini bölüşərək, iştirakçıları ən son elmi məlumatlarla tanış etdilər.

Canlı halların təqdimatı ilə unudulmaz anlar

Festivalın diqqət çəkən məqamlarından biri də 6 ölkənin 10 müxtəlif tibbi mərkəzindən canlı halların təqdim olunması idi. Bu halların nümayişi zamanı kardiologiyanın müxtəlif istiqamətlərində tətbiq olunan qabaqcıl metodlar iştirakçılara birbaşa izah edildi. Mütəxəssislər müzakirələr zamanı real vəziyyətlərdə tətbiq edilə biləcək həll yollarını təklif etdilər.

Tədbir çərçivəsində Avropa Ürək Jurnalı (ESC)ESC EAPCI və EuroCTO Club ilə birgə sessiyalar təşkil edildi. Bu sessiyalar zamanı intervensiya kardiologiyası, koronar fiziologiya və rəqəmsal sağlamlıq sahələrindəki yeniliklər ətrafında müzakirələr aparıldı.

Azərbaycan üçün ilk: Ağciyər Hipertenziyası Konqresi

CardioFest 2024 çərçivəsində Azərbaycanda ilk dəfə Ağciyər Hipertenziyası Konqresi keçirildi. Xüsusi olaraq bu sahəyə həsr olunan bu konqres, yerli və beynəlxalq mütəxəssislərə ağciyər hipertenziyası ilə bağlı diaqnostika və müalicə yollarını müzakirə etmək imkanı yaratdı.

Bundan əlavə, tədbir zamanı Azərbaycan Kardiologiya Cəmiyyətinin ilk rəsmi ixtisas imtahanı keçirildi. Bu imtahan vasitəsilə kardioloqlar öz bilik və bacarıqlarını beynəlxalq standartlara uyğun olaraq nümayiş etdirdilər. Bu, ölkədə tibbi təhsil və ixtisaslaşma sahəsində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

İnteraktiv müzakirələr: Çoxşaxəli yanaşma

CardioFest yalnız kardioloqları deyil, həm də endokrinoloqları, nefroloqları və daxili xəstəliklər üzrə digər mütəxəssisləri bir araya gətirdi. İnteraktiv müzakirələr və dəyirmi masalar əsasında təşkil edilən sessiyalar zamanı iştirakçılar real klinik halları nəzərdən keçirdilər və birgə yanaşmaların tətbiqi yollarını araşdırdılar.

Xüsusilə, hipertoniya, ürək çatışmazlığı və şəkərli diabet kimi komorbid halların müalicəsində yeni strategiyalar təqdim edildi. Bu yanaşma, müasir tibbin çoxşaxəli və inteqrativ təbiətini əks etdirirdi.

Tibbdən kənar festivala xas ab-hava

KardioFest təkcə elmi bir tədbir olmaqla kifayətlənmədi. Festival həm də iştirakçılar üçün xüsusi ab-hava yaratdı. İnnovativ həllər təqdim edən interaktiv stendlər, dostluq mühitində təşkil olunan görüşlər və rəsmi ziyafətlər tədbiri daha da zənginləşdirdi.

Azərbaycan Kardiologiya Cəmiyyətinin rolu

KardioFest-in təşkilatçısı olan Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) ölkədə ürək-damar xəstəlikləri sahəsində lider təşkilatdır. Cəmiyyətin məqsədi ürək-damar sağlamlığını yaxşılaşdırmaq, diaqnostika və müalicəni təkmilləşdirmək, vətəndaşlara yüksək keyfiyyətli tibbi yardım təqdim etməkdir. Bununla yanaşı, AKC elmi araşdırmaları dəstəkləməklə və müasir texnologiyaların tətbiqini təşviq etməklə səhiyyə sahəsində yeni meyarlar müəyyən edir.

AKC fəaliyyətini bir neçə əsas istiqamətdə qurur:

Elmi araşdırmaların inkişafı: Ürək-damar xəstəliklərinin müalicə və diaqnostikasında innovasiyaların tətbiqi.

Təcili kardiologiyanın təkmilləşdirilməsi: Kəskin ürək-damar xəstəliklərinin effektiv idarəolunması üçün yeni protokollar.

Rəqəmsal kardiologiyanın təşviqi: Xəstəliklərin idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və bu sahədə yeniliklər.

Sağlamlıq siyasətində tərəfdaşlıqlar: Effektiv sağlamlıq siyasətləri hazırlamaq üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq.

AKC təkcə Azərbaycanda deyil, regionda da tibbin inkişafında mühüm rol oynayır. Cəmiyyətin həyata keçirdiyi layihələr, o cümlədən Hədəf 130/80 və STEMI Azerbaijan, əhalinin ürək-damar sağlamlığını artırmaq məqsədi daşıyır.

AKC-nin gələcək planları

AKC tibb sahəsində tərəqqini davam etdirmək üçün müxtəlif layihələr üzərində işləyir. Cəmiyyət gələcəkdə rəqəmsal sağlamlıq texnologiyalarının inkişaf etdirilməsi və regionda yüksək keyfiyyətli tibbi xidmətlərin tətbiqi üçün addımlar atmağı planlaşdırır. AKC-nin məqsədi təkcə tibbi biliklərin artırılması deyil, həm də hər bir vətəndaş üçün əlçatan və keyfiyyətli tibbi xidmət təmin etməkdir.

KardioFest 2024 Azərbaycanın ürək-damar sahəsində dünya səviyyəsində tanınan bir mərkəzə çevrilməsi yolunda atılmış növbəti böyük addım oldu. Bu uğur bütün iştirakçılar, təşkilatçılar və tərəfdaşların birgə səyləri nəticəsində mümkün oldu.







Seçilən
31
qafqazinfo.az

1Mənbələr