AZ

Aİ-dən Gürcüstana ilk sanksiya

“Bu gün biz Gürcütanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi barədə razılığa gəldik”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstanda vəziyyət müsbət istiqamətdə inkişaf etmir və Avropa İttifaqı artıq siyasi əlaqələri məhdudlaşdırıb, Avropa Komissiyası Gürcütanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması təklifini bu il təqdim edəcək.

Ali nümayəndə qeyd edib ki, Gürcüstanda dinc aksiyalara qarşı zorakılığın arxasında duran gürcü məmurlara sanksiyaların tətbiqi məsələsi də müzakirə olunub. Aİ rəsmisi müzakirələrin çox intensiv və gərgin keçdiyini vurğulayıb.

“Qeyd olunan vizasız rejimin dayandırılması ilk addımdır və eyni zamanda simvolikdir”, - K.Kallas deyib.

O, Aİ-nin gürcü xalqını dəstəkləməyə davam edəcəyini bildirib.

“Gələcəkdə biz Gürcüstan hökuməti üçün nəzərdə tutulan maliyyələşməni vətəndaş cəmiyyətinə, gürcü xalqı və KİV-ə yönəldəcəyik, çünki Gürcüstanın gələcəyi gürcü xalqından asılıdır”, - o söyləyib.


Müəllif: Teleqraf.com
Seçilən
25
teleqraf.com

1Mənbələr