AZ

Konstitusiyanın preambulası dəyişməyəcək, Bakı ilə sülh olmayacaq- İrəvandan müharibə seçimi...

Image

Ermənistan Azərbaycanla sülh üçün hələ də praktiki addımlar atmır. Əksinə, son zamanlar bu ölkədə revanşist çağırışlar daha da artmaqdadır. Xüsusilə hərbiləşmə siyasəti, Qərblə bu istiqamətdə sıx əməkdaşlıq Ermənistanın sülh sazişini imzalamağa maraqlı olmadığını göstərir. Elə bundan irəli gəlir ki, İrəvan sülh üçün əsas meneəni, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını da aradan qaldırmağa tələsmir.

Bütün bunların nətcəsidir ki, Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, sülh müqaviləsi layihəsi preambuladan və 17 maddədən ibarətdir: “Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb. İki maddə üzrə isə açıq suallarımız var. Hazırda açıq suallar üzrə danışıqlar davam edir. Ancaq hələ ki razılığa gəlmək mümkün olmayıb”. Nazir həmçinin xatırladıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur: “Biz Ermənistandan bu istiqamətdə qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfinin gətirdiyi arqumentlər bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı olub və məsələni daha da mürəkkəbləşdirib. Belə ki, Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu barədə qərar qəbul edilib. Bu isə vəziyyəti mürəkkəbləşdirir. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında ölkənin müstəqillik aktına istinad var və həmin akt Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur”. Bakı özəlliklə konstitusiyanın preambula bölümündən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Sözügedən bəyannamədə Azərbaycanın tərkibindəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Dəyişikliyin əsas  qanuni yolu referendumda yeni konstitusiyanın qəbuludur. Burada onu da xatırladaq ki, baş nazir Nikol Paşinyan hələ bu ilin ortalarında  Ermənistanın yeni konstitusiyasını hazırlamağı tapşırsa da, bu işə məsul ayrıca hökumət komissiyası hələ də müvafiq addılar atmır. Halbuki, Paşinyanın 2022-ci ildə yaratdığı Konstitusiya İslahatı Şurasının ilkin məqsədi mövcud konstitusiyaya düzəlişlər etmək idi. Bu ilin mayında baş nazir göstəriş verib ki, Şura 2027-ci ilin yanvarınadək yeni konstitusiya layihəsini hazırlasın. Amma indiyəkimi hər hansı məli addım atılmayıb.   Ədliyyə nazirinin müavini Tiqran Dadunts   bildirib ki, Şura hələ nə konstitusiyanın yeni layihəsini, nə də preambula məsələsini müzakirə edib. Yeni konstitusiyasının qəbuluna dair referendumun 2026-cı ilin iyunundakı parlament seçkilərindən sonra - 2027-cildə keçirilməsi nəzərdə tutulub. Yeni konstitusiya layihəsinin hazırlanmasına cəlb olunan bəzi vətəndaş cəmiyyəti fəalları və siyasətçilər məsələ barədə nikbin düşüncədə deyillər. Onların fikrincə, ölkənin yeni ali qanunu ya sözügedən tarixdən gec, ya da heç hazır olmaya bilər. Bu da Azərbaycanla sülh üçün böyük təhdid yaradır. Halbuki, dünyada da artıq belə bir fikir hakimdir ki, ermənilər Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşmaq üçün konstitusiyalarına yenidən baxmalıdırlar.

Məsələ ilə bağlı  İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş məqaləsində yazır ki, Rusiyanın dəstəyindən məhrum olan Ermənistanın Bakı ilə sülh sazişi perspektivi fonunda Tehranın da dəstəyindən uzaqlaşaraq Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratması alternativsiz variantdır. Hadisələrin bu istiqamətdə cərəyan etməsinin bölgədə Tehran tərəfindən təşviq olunan dini radikalizmi xeyli zəiflədəcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, nəzarətində olan hər bir ərazidə dünyəvi qanunun aliliyini təmin edən Azərbaycan bu günədək uğurlu şəkildə dini radikalizmin yayılmasının qarşısını almaqla bölgədə dünyəvi dövlətçilik mühitinin bərqərar olmasına mühüm töhfə verib. İsrailli ekspert Türkiyənin strateji müttəfiqi olan Azərbaycanın Vətən müharibəsində Qələbəsinin bölgəni gərginlikdə saxlayan qüvvələrin zəifləməsinə, əvəzində türk alyansının təsirinin artmasına rəvac verdiyinə diqqət çəkib. Məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayaraq 30 il ərzində Qarabağı və Azərbaycanın 7 rayonunu qanunsuz işğal altında saxlayan Ermənistanın sözügedən təcavüzü nəticəsində bir milyona yaxın soydaşımızın məcburi köçkünə çevrildiyi də xatırladılıb. Müəllif bütün qeyd olunanların fonunda ermənilərin Azərbaycanın milli suverenliyinə hörmətlə yanaşması üçün onların öz konstitusiyalarını yenidən nəzərdən keçirməsinin zəruriliyini diqqətə çatdırıb. Amma bunun əvəzində Ermənistan fərqli addım atır. Belə vəziyyətdə müəyyən Qərb dövlətləri, xüsusilə Fransa Ermənistanı fəal şəkildə silahlandırır. Rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir. Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlandırılması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına hesablanıb. Ermənistandakı Avropa İttifaqının missiyasının kəşfiyyat xarakterli fəaliyyəti də bu məqsədə xidmət edir. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır.   Erməni siyasi şərhçi Akop Badalyan qeyd edir ki, yeni savaş istisna deyil. Onun fikrincə, Ermənistan-Azərbaycan sərhədində geniş miqyasda olmasa da, eskalasiya ola bilər: “Bu, heç də regional xarakterli böyük risklərin mövcudluğu demək deyil. Amma məhdud miqyasda sərhəd hərbi əməliyyatlarının mümkün risqləri var ki, bu da, təbii ki, Ermənistan üçün ciddi narahatlıq yarada bilər”.

Tahir TAĞIYEV





Seçilən
10
baki-xeber.com

1Mənbələr