AZ

Media savadlılığı ilə bağlı 3 vacib məqam

Söz azadlığı və müasir media bütün üstünlüklərinə rəğmən, həm də ciddi problemlə - informasiyanın etibarlılığı ilə üz-üzədir. İstifadəçi çox vaxt müxtəlif mənbələrdə ziddiyyətli məlumatlarla rastlaşır və həqiqəti müəyyən etmək çətinləşir. Buna görə də, bütün media məlumatılar savadlı təhlilə və düzgün istifadəyə ehtiyac duyur.

1.Media savadlılığı anlayışının mahiyyti

Ekspertlər əmindir ki, təkcə jurnalistlər deyil, adi insanlar, bəzən təhrif olunmuş məlumatlar daşıyan media kontentinin istifadəçiləri də media savadlılığına malik olmalıdırlar. Sadə dildə desək, media savadlılığı mahiyyət etibarilə media məhsullarını yaratmaq və istifadə etmək, eləcə də əldə olunan məlumatlara tənqidi yanaşmaq bacarığıdır. Yeni informasiya mədəniyyəti şəraitində bu keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir.

Müasir şəraitdə “media” anlayışı xeyli genişlənibr. Bu gün təkcə media deyil, bütün rəqəmsal mühit gənclər tərəfindən xüsusilə fəal şəkildə istifadə olunur. Buna görə də ekspertlər media savadlılığını gündəlik savadlılığın mühüm hissəsi adlandırırlar. Uşaqların erkən yaşlarından nəhəng məlumat axınlarını necə düzgün idarə etməyi başa düşmələri çox vacibdir. Çünki bu gün onların bütün həyatı media mühitində keçir.

2.Media savadlılığına niyə yiyələnmək lazımdır?

Müasir istehlakçı hər gün müxtəlif növ məlumatlarla qarşılaşır. Üstəlik, onun həcmi, məsələn, ötən əsrin əvvəli ilə müqayisədə onlarla dəfə çoxdur. İstifadəçi dünyanın istənilən ölkəsində, məsələn, ABŞ-da, yaxud öz ölkəsində baş verən hadisələr, ən son xəbərlərlə istənilən vaxt, sadəcə olaraq, mövcud mediadan istifadə etməklə tanış olabilər. Bu məlumatlar insanın onu əhatə edən hər şey haqqında təsəvvürünü formalaşdırır, həmçinin onun dünyagörüşünə, ümumiyyətlə, iqtisadi sabitliyə və siyasi vəziyyətə mühüm təsir göstərir.

3.Media savadlılığını necə inkişaf etdirmək olar?

Media məlumatlarının düzgün istifadəsi üçün tövsiyələr ümumi götürsək, sadədir. Hər şeydən əvvəl, şəxsi məlumatlarınızı həmişə etibarlı şəkildə qorumalısınız. Etibarlı parollar və özünü təsdiqləmiş təhlükəsiz resurslardan istifadə media savadlılığına doğru yolda ilk addımdır. Müəyyən bir hadisə haqqında məlumatı öyrənərkən müxtəlif mənbələrdən məlumat götürmək vacibdir. Bu, vəziyyətin vahid mənzərəsini yaratmağa kömək edəcək. Eyni zamanda, bu məlumat mənbələrinin seçiminə diqqətlə yanaşmaq, məlumatları fakt və sübutlarla dəstəkləyənlərə etibar etmək lazımdır.

Ümumiyyətlə, haradan əldə olunmasından asılı olmayaraq, bütün məlumatlar tənqidi şəkildə qəbul edilməlidir. Axı hər bir hadisə həmişə müəlliflərin nöqteyi-nəzərindən işıqlandırılır və heç də həmişə tərəfsiz fikir formalaşmasına imkan vermir.

Mövzu ilə bağlı Bakupost.az -a danışan media eksperti Müşfiq Ələsgərli də hesab edir ki, gündəlik xəbər dövriyyəsi yalnız etibarlı və düzgün məlumatlardan ibarət deyil.

Onun sözlərinə görə, "yanlış xəbər", "saxta xəbər", "dezinformasiya" da informasiya axınında geniş yer tutur:

"Analitik mərkəzlərin araşdırmalarına görə, “saxta xəbər”in qlobal informasiya dövriyyəsində çəkisi 45-80 faiz aralığında dəyişir. Bu isə dünya üçün ciddi bir problemə çevrilib. Saxta xəbər insanları çaşdırır, səhv qərarlar verməsinə, yanlış addımlar atmasına səbəb olur. Bu baxımdan, saxta xəbər və dezinformasiya bəzən “dünyanın yeni fəlakəti” kimi xarakterizə edilir".

Ekspertin sözlərinə görə, rəqəmsal transformasiya, sosial media platformalarının çoxalması və onlayn informasiya resurslarının inkişafı hazırkı dövrdə informasiya axınını inanılmaz dərəcədə sürətləndirir:

“Analitik mərkəzlər qeyd edirlər ki, hazırda hər gün dünyada təqribən 2,5 kvintilyon bayt həcmində məlumat yaradılır və paylaşılır. İnsanlar fərdi maraqları olmasa belə, hər gün yüzlərlə xəbərlə qarşılaşır, eşidir, görür və oxuyurlar. Bundan başqa, hər bir cəmiyyət üzvü öz növbəsində xəbər istehsalçısı və ya mənbə rolunda çıxış edə bilər. Yəni, informasiya emalı və istehlakı artıq günümüzün ayrılmaz hissəsinə çevrilib".

M.Ələsgərli deyir ki, belə bir informasiya bolluğunda doğru xəbəri seçmək və onun etibarlılığını müəyyənləşdirmək üçün müəyyən bacarıqlara malik olmaq vacibdir:

“İnsanlar doğru xəbəri saxtadan ayırmağı, dezinformasiya təsirindən yayınmağı bacarmalıdır. Eyni zamanda, xəbər istehsalçısı kimi obyektiv davranmaq qabiliyyətinə sahib olmalıdırlar. Bu məsələlərin həlli isə “media savadlılığı” anlayışında öz əksini tapır.

Azərbaycanın "Media haqqında" qanunu da media savadlılığını artırmaq məsələsini vacib bir tələb kimi qarşıya qoyur.Qanunun 10-cu maddəsi vətəndaşların media savadlılığının inkişaf etdirilməsi üçün dövlət orqanlarının müəyyən öhdəliklərini təsbit edir. Bu istiqamətdə müxtəlif proqramlar həyata keçirilir, tədbirlər təşkil olunur. Medianın İnkişafı Agentliyi bu sahədə xüsusi proqramlar və internet resursları təqdim etməklə mövzuya marağı artırmağa çalışır. Agentlik 2023-cü ildə istifadəyə verilmiş "Medialiteracy.media.gov.az" portalı vasitəsilə əhaliyə faydalı məlumatlar təqdim edir. Bundan əlavə, “Media Savadlılığı Həftəsi” çərçivəsində kampaniyalar təşkil edilir ki, bu da vətəndaşların media savadlılığını stimullaşdırır.

Bütün bu səylər Azərbaycanda media savadlılığı səviyyəsinin yüksəldilməsinə yönəlib və bu istiqamətdə sistemli işlərin həyata keçirilməsi vacib bir addım kimi qiymətləndirilir”.

Rəhman Mirzəlizadə, BakuPost
Seçilən
36
bakupost.az

1Mənbələr