AZ

Liderin quruculuq kursu

IX MƏQALƏ

Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
Heydər ƏLİYEV,
Ümummilli lider

Yüksək rifah cəmiyyəti

“Yaşıl ölkə” anlayışının sosial-iqtisadi ilə yanaşı, mənəvi-əxlaqi və mədəni komponentlərin sintezində dərk edilməsi dayanıqlı inkişafın mühüm şərtini anlamağa yardım edir. Bununla yanaşı, burada müxtəlif faktorların çox incə bir balansının mövcudluğu tələb olunur ki, ölkə bütöv halda davamlı inkişafda ola bilsin.

Onu təmin edən mexanizmlər kimi güclü iqtisadi sistem, fəzilətli toplum və milli ideyanı vurğulamaq olar. Həmin faktorların kompleks təsiri sayəsində formalaşan qüdrətli dövlətin yüksək rifah (fəzilətli) cəmiyyətinə malik olması mühüm şərtdir. Bu aspektdə problemə yanaşanda yüksək rifah cəmiyyətinin fəlsəfi və politoloji anlamı qurucu liderliyin vacib tərəflərindən birini aydın təsəvvür etməyə imkan yarada bilər.

Strateji inkişaf kursunun yüksək rifah cəmiyyəti məqsədi müasir dövrün əsas tələblərindən biri kimi fəlsəfi təfəkkürün diqqətini çəkir. Məsələ onunla bağlıdır ki, hazırda süni intellektin yaradılması və onun total olaraq cəmiyyətə tətbiqi xeyli dərəcədə insanların mənəvi-əxlaqi dəyərlərə münasibətini dəyişməkdədir.

Artıq əvvəlki dövrlərdə olduğu kimi mənəviyyat və əxlaq məsələsi yalnız insanın daxili keyfiyyətləri və ya dini əsaslara görə qiymətləndirilmir. İnsan daxili dünyasını birbaşa “seyr etməklə” (E.Husserl “ideasiya” terminini işlətmişdir) özünün mənəvi-əxlaqi keyfiyyətlərini formalaşdıra bilər. Filosoflara görə, bu keyfiyyət artıq keçmişdə qalmışdır. Başqa bir yanaşmaya görə, insanın mənəvi-əxlaqi keyfiyyətləri sırf maddi faktorlara görə formalaşır. Nəhayət, idealistik yanaşmada ideasiya ilə materialist yanaşmanın sintezi baş verir.

Müasir mərhələdə bunlarla yanaşı, ictimai aspektdə yeni bir fenomen formalaşır – insanlar özlərinin mənəvi-əxlaqi aləmlərinə texniki, texnoloji və informasiya-kommunikasiya faktorlarının kompleks təsirinin prizmasında baxırlar. Bu da xeyli dərəcədə insanların dünyagörüşündə ekstravaqant (zahiri parlaqlıq, mənəvi ilğım) effekt yaradır. Onun sadə mənası belədir ki, artıq insanlar cəmiyyətdə mənəvi-əxlaqi keyfiyyətlərini daxili özəlliklərlə texniki artefaktların (faktların şüurda təsəvvür kimi obrazlaşmasının) vəhdətində dəyərləndirirlər.

Total miqyasda, bu, sırf ideasion dəyərlərlə komfort, rahat və utilitar xarakterli ekstravaqant məqamların harmoniyasını ön plana çıxarır. Müasir cəmiyyətlərin hər biri bu iki istiqamətin “çarpaz” təsirləri altındadır. Bu faktı ciddi qəbul etmək lazımdır, çünki onun necə və hansı nisbətdə təsir etməsi real olaraq toplumun kimliyini müəyyən edir. Burada da müxtəlif ssenarilər meydana gələ bilir: 1) cəmiyyət texnoloji inkişafa nail olur, 2) lakin mənəvi-əxlaqi və etik dəyərlərdən kasad qalır, 3) cəmiyyət mənəvi-əxlaqi kamil olur, lakin texniki və texnoloji tərəqqidə feridə qalır, 4) cəmiyyətdə süni varlıqlar (intellekt) üstün nəzarət imkanlarına malik olur ki, bu da mənəvi-əxlaqi aspekti qeyri-müəyyən məcraya yönəldə bilir, 5) cəmiyyətdə süni intellektin dominantlığı meydana müxtəlif mənəvi-əxlaqi riskləri çıxarır.

Bütün bu məqamları müasir filosofların bir qrupu Böyük Antropoloji Keçid (yeni kollektiv mövcudluq formasına transformasiya) adlandırırlar. Yəni fərdi və kollektiv səviyyədə insana, cəmiyyətə münasibətlər dəyişir. Belə alınır ki, müasir mərhələdə hər bir cəmiyyət özünün inkişaf kursunu çox sayda bir-biri ilə qarşılıqlı əlaqədə olan faktorların nəzərə alınması şərti ilə müəyyən etməlidir. Yəni strateji kontekstdə konkret toplum modeli seçilməlidir. Bu baxımdan Azərbaycan rəhbərliyinin yüksək rifah cəmiyyəti nümunəsinə üstünlük verməsi tarixi mənası olan müsbət seçimdir.

Burada “yüksək rifah” anlamı faktiki olaraq “yüksək fəzilətli toplum” anlayışı ilə sinonimdir. Çünki başlıca məqsəd insan kapitalına istiqamətlənmiş kursu müəyyən etməkdən ibarətdir. İnsan kapitalı isə mənəvi-əxlaqi, etik və maddi rifah tərəflərinin sintezində formalaşan dəyər olaraq dərk edilir. Bu dəyər milli ideyanın müəyyən etdiyi fərdi və kollektiv varolmanın mənəvi, mədəni və maddi aspektlərinin hüdudlarında əyaniləşə bilir. Bu mənada da cəmiyyətdə davamlı olaraq aktuallaşır. Onun fəzilətliliklə sinonimliyi həmin məqamda özünü göstərir.

Məsələ onunla bağlıdır ki, yüksək rifahın qüdrətli dövlətlə vəhdətdə olması və bir-biri ilə ziddiyyət təşkil etməməsi üçün rifah hər şeydən öncə fəzilətlə sinonim olmalıdır. Bütövlükdə toplumun məqsədi insana, onun rahat və ümidli yaşamasına xidmət etməlidir. Dövlətin də qüdrəti müəyyən aspektdə bu faktorlarla sıx bağlıdır. XXI əsrdə dövlət o zaman qüdrətli olur ki, vətəndaşın dəyər və qiymətini yüksəkdə tutur.

Beləliklə, yüksək rifah və ya fəzilətli cəmiyyəti qurmaq siyasi liderin başlıca qurucu keyfiyyətlərindən birini təşkil edir. Yüksək rifah cəmiyyətini qurmaq üçün düzgün və nəticəverici strateji kurs yaradan lider XXI əsrdə güclü qurucu liderdir. Azərbaycan təcrübəsi göstərir ki, Prezident İlham Əliyev bu kontekstdə dünya üçün nümunə ola bilər.

Lakin XXI əsrdə liderin quruculuq kursu vurğulanan özəlliklərlə məhdudlaşmır. Bunun başlıca səbəbi müasir dövrün xüsusiyyətləri ilə bağlıdır. Politoloqların qənaətinə görə, indi liderin yalnız milli miqyasda fəaliyyəti onun lider kimi tam potensialını ifadə etmir. Bu o deməkdir ki, müasir şərtlər liderin milli, regional və qlobal miqyaslarda fəaliyyətinin qarşılıqlı nisbətində qiymətləndirilməsini tələb edir. Bu isə olduqca mürəkkəb şəraitdə uğurlu olmaq deməkdir. Dünya təcrübəsi göstərir ki, nadir siyasi şəxsiyyətlər həmin şərtlər kontekstində uğurlu qurucu lider ola bilirlər.

Milli miqyas

İndi liderlikdə fəaliyyətin milli və regional miqyası arasında nisbəti düzgün müəyyən etmək bir zərurətdir. Çünki qloballaşma dövlətləri elə yaxınlaşdırmışdır ki, onların mövcudluğu və inkişafı bir-biri ilə sıx bağlıdır. Bundan başqa, müasir geosiyasi təlimlərdə dünyanın daha unikal formada regionlaşdığını və reallıqda dövlətlər qrupundan söhbət getdiyini qəbul edirlər. Belə alınır ki, ayrıca götürülmüş və ya tam avtonom, regionun digər ölkələrindən təcrid olunmuş halda davamlı və dayanıqlı inkişaf mümkün deyildir. Bu reallıq hər bir dövlətin liderinin fəaliyyətini daha da aktuallaşdırır və əhəmiyyətli edir.

Lideroloji yanaşma aspektində nəzəri müstəvidə bunun anlamı liderliyin milli və regional faktorların qarşılıqlı təsiri və müəyyən nisbətlərində formalaşmasından ibarətdir. Milli miqyasda o zaman lider uğurlu hesab olunur ki, regional miqyasda da uğurlu olsun və əksinə. Ancaq hər iki miqyasın özünəməxsus uğurluluq kriteriyaları (və ya göstəriciləri) vardır.

Milli miqyasda quruculuq iqtisadi, sosial, mənəvi, mədəni, əxlaqi, etik və ideoloji istiqamətlərdə cəmiyyəti köklü yeniləşdirməyə nail olmaqla müəyyən olunur. Vurğulanan faktorların müsbət rol oynadığını müəyyən edən əsas amil isə davamlı inkişaf və cəmiyyətin bütövlüyünün təmin olunmasıdır. Cəmiyyətin bütövlüyü milli ideyanın düzgün məzmunlaşmasından çox asılıdır. Eyni zamanda, toplumun birlik modelinin əhəmiyyəti xeyli aktuallaşır. Deməli, milli miqyasda liderin uğurlu olması mürəkkəb xarakterli prosesdir və çox sayda faktordan asılıdır. Onların harmoniyası təmin edildikdə lideri qurucu adlandırmaq olar.

Regional miqyas

Regional miqyas daha mürəkkəb və çoxaspektli fəaliyyət tələb edir. Çünki artıq fəaliyyət bir ölkənin sərhədləri daxilində deyil, bir neçə dövlətlə münasibətlərin qurulmasının müxtəlif aspektlərini əhatə edir. Həm də həmin dövlətlərlə münasibətlərin yekun effekti milli miqyasda əldə edilən nailiyyətlərlə uzlaşmalıdır. Bu da liderlikdə milli miqyasdan regional miqyasa qurucu transformasiya sayəsində mümkündür.

Digər tərəfdən, milli miqyasda fəaliyyətin obyekti ilə regional miqyasdakı obyekt arasında ciddi fərqlər vardır. Milli səviyyədə lider dövlətin daxili idarəetmə institutları ilə işləyir və təsiri onlar vasitəsilə edir. Regional miqyasda isə bu vasitə keçərli deyildir. Orada dövlətlərin qarşılıqlı münasibətlərinin mahiyyətinə uyğun institutlarla işləmək lazım gəlir. O isə tamamilə fərqli yanaşma, enerji və məqsəd müəyyənliyi tələb edir.

Bəs regional miqyasda liderin quruculuq xəttini reallaşdıra bilməsi üçün əsas hansı institutlardan istifadə etmək lazım gəlir? Onlar regional miqyaslı təşkilatlardır. Əlbəttə, ayrıca dövlət oranları arasında da əlaqələr mövcud olur. Tarixən bu cəhətin əhəmiyyəti və rolu olmuşdur.

Məsələn. Azərbaycanla Gürcüstan arasında münasibətlərdə hər iki dövlətin rəsmi orqanlarının münasibət qurması ciddi əhəmiyyət daşımışdır. Eyni məntiqlə Azərbaycan-Rusiya, Azərbaycan–İran, Azərbaycan–Türkiyə və Azərbaycan–Ermənistan münasibətlərinə baxa bilərik. Bu ikitərəfli münasibətlərin xarakteri dövlətlərarası əlaqələrin məzmununa birbaşa təsir edir. Regional miqyasda bu özəlliyi nəzərə almaq lazım gəlir.

Ancaq regional geosiyasi mənzərə yalnız ikitərəfli əlaqələrin sintezi ilə tam müəyyən olunmur. Burada üçtərəfli, dördtərəfli və s. platformalar da aktuallaşır. Regiona vahid orqanizm kimi baxdıqda isə başqa platformalara da ehtiyacın yarandığı aydın görünür. Onlar isə iki istiqamətdə yarana bilər.

Birinci istiqamət region dövlətlərinin ümumi problemlərə görə qruplaşması və kollektiv fəaliyyət göstərməsi ilə bağlıdır. İkinci istiqamət isə region dövlətlərinin konkret istiqamətlər və problemlər üzrə qruplaşmasından ibarətdir.

Hər iki istiqamətin reallaşma üsulu regional təşkilatların yaradılmasıdır. Nümunə üçün deyək ki, “Qafqaz evi” ideyası region dövlətlərinin hər birini özündə birləşdirən vahid bir təşkilatın formalaşdırılmasını nəzərdə tutur. “3+3” formatı da ümumregion miqyasında sülh, əməkdaşlıq və təhlükəsizliyi təmin edən bir təşkilatın yaradılmasını nəzərdə tutur. Azərbaycan–Türkiyə–Gürcüstan platforması konkret təhlükəsizliyi əhatə edə bilər və ya yalnız enerji sferasına aid ola bilər.

Başqa nümunələr də gətirmək mümkündür. Lakin bütün hallarda liderin regional miqyasda quruculuğu regional təşkilatlardakı fəaliyyəti ilə sıx əlaqəlidir. Bu prizmadan Prezident İlham Əliyevin regional təşkilatlardakı fəaliyyətinə baxsaq, quruculuq aspektində nəzəri və praktiki əhəmiyyəti olan özəllikləri aydınlaşdıra bilərik.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
44
xalqqazeti.az

1Mənbələr