AZ

Beynəlxalq Əmək Təşkilatı: Avropada hər dörd işçidən biri miqrantdır

Berlin, 17 dekabr, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, miqrantlar Avropa ölkələrinin əmək bazarında getdikcə daha mühüm rol oynayırlar. Hazırda Avropada hər dörd işçidən biri miqrantdır. Təşkilatın hesabatına görə, xüsusilə yüksək gəlirli ölkələrin əmək bazarında onların rolu artmaqdadır. Şimali, Cənubi və Qərbi Avropada işçilər arasında miqrantların səviyyəsi 2013-2022-ci illərdə 22,5 faizdən 23,3-ə yüksəlib.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla xəbər verir ki, miqrantların inkişaf etmiş ölkələrə üz tutmalarının əsas səbəblərindən biri həmin ölkələrdə yüksək gəlir standartları ilə yanaşı, əhalinin yaşlanması ilə əlaqədar əcnəbi işçi qüvvəsinə daha çox ehtiyac duyulmasıdır. İnsanlar təqaüdə çıxdıqda miqrantlar boş iş yerlərini doldurur və eyni zamanda, yaşlı insanlara qayğı göstərilməsinə ehtiyac artır. Bu, rəqəmlərdə də əksini tapır. Belə ki, Avropada öz ölkələrindən kənarda işləyən insanların 3/4 xidmət sektorunda işləyir.

Dünyada miqrantların ümumi işçi qüvvəsində xüsusi çəkisi 2022-ci ildə 4,7 faiz olub. Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, dünyada miqrantların ümumi sayı 284,5 milyon nəfərdir. Onların təxminən 255,7 milyonu 15 yaşdan yuxarı olan əmək qabiliyyətli yaşdadır. İş həyatında 167,7 milyon insan var ki, bu da 2013-cü illə müqayisədə 30 milyon nəfər çoxdur. Miqrantlar arasında işsizlik səviyyəsi 7,2, yerli əhali arasında isə 5,2 faizdir. BMT-yə görə, bunun əsas səbəbləri arasında miqranların dil problemləri, tanınmayan təhsil səviyyəsi və ya ayrı-seçkilik amilləri dayanır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
24
1
azertag.az

2Mənbələr