AZ

QHT sədri Cəmilə Çiçək: "Qarabağa sevgimiz hər addımımızda var"

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri Cəmilə Çiçək QHT.az-a özəl açıqlamasında bildirib ki, təşkilat bir çox innovativ və kreativ layihələr həyata keçirir. Onun sözlərinə görə, “Milli dəyərlərin innovativ-kreativ təbliği: azərbaycanlıları birləşdirən mental sərvətlərimizin qorunması”, “Qarabağ Zəfəri ilə başlayan intibah mərhələsi: qələbəmizin kreativ tarixi” və “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” kimi layihələr bu istiqamətdə atılan ciddi addımlardır.

Cəmilə Çiçək əlavə edib ki, təşkilat Qarabağa qayıdışla bağlı dövlət proqramlarını dəstəkləmək üçün müxtəlif təşəbbüslərlə çıxış edir. Eyni zamanda, təşkilatın nəşr etdiyi “Milli Zəka” elmi-ədəbi, ictimai-siyasi jurnalı və www.zekaishiginda.az, www.zekainfo.az internet portalları maarifçilik sahəsində mühüm rol oynayır. Məqsəd Qarabağın zəngin mənəvi-mədəni irsini, müasir elmi və ədəbi araşdırmaları işıqlandırmaq və gənc nəsillərə çatdırmaqdır.

Təşkilat tərəfindən həyata keçirilən və planlaşdırılan digər layihələrdən bəziləri bunlardır:

  • “Azərbaycan cəmiyyətində ağsaqqallıq institutunun yeri və rolu (Qarabağ köçkünləri arasında sosial-kulturoloji araşdırma)”;
  • “Səməd Vurğun və aşıq müasirlərinin yaradıcılığında vətən konseptinin öyrənilməsi”;
  • “Kəlbəcər əhalisinin ənənəvi mətbəx mədəniyyətinin öyrənilməsi”;
  • “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyası”;
  • “Qarabağa iqtisadi qayıdış: keçmiş məcburi köçkün qadın sahibkarlara dəstək”.

Cəmilə Çiçəyin sözlərinə görə, bu layihələr ölkənin inkişafında, milli dəyərlərin qorunmasında və gələcək nəslin maarifləndirilməsində əhəmiyyətli rol oynayır.

 

Pərvanə Fərhadqızı

Seçilən
64
qht.az

1Mənbələr