AZ

Siyasi böhran “növbəsi” Almaniyaya çatdı...

Berlin yeni ilə yeni seçki ilə gedəcək?

Şolts 2025-ci ildə “etimad yenilənməsi” etmək niyyətindədir

Avropada mərhələli şəkildə gedən siyasi böhran Almaniya “sərhədinə” çatıb. Belə ki, Bundestaq (Almaniya Federativ Respublikası Parlamenti) növbədənkənar iclasında Almaniya kansleri Olaf Şoltsa etimad məsələsi ilə bağlı debat və səsvermə keçirəcək. Xatırladaq ki, kansler Şolts, konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, dekabrın 11-də etimad səsverməsi üçün parlamentə yazılı müraciət göndərib. Hökumət başçısı parlamentdə 25 dəqiqəlik çıxış edəcək, ardınca isə təqribən iki saatlıq fraksiyalararası müzakirələr aparılacaq, daha sonra səsvermə baş tutacaq. Şoltsun Bundestaqa gəlişi ilə müzakirə və səsvermə arasında ən azı 48 saat keçməlidir ki, parlamentarilərin qərar qəbul etmək üçün kifayət qədər vaxtı olsun. Parlamentdə kanslerin öz xahişinin əsaslandırmasını təfərrüatlı şəkildə açıqlaması və ölkənin mövcud daxili siyasi şəraitdə tutmalı olduğu gələcək yolu göstərməsi gözlənilir.

Qeyd edək ki, deputatlar Bundestaqda qüvvələr nisbətini nəzərə alaraq Şoltsa etibar etməkdən imtina etsələr, qanuna görə, Almaniya prezidenti 21 gün ərzində kanslerin təklifi ilə parlamenti buraxmalıdır. Şolts daha əvvəl müvafiq təkliflə dövlət başçısı Frank-Valter Ştaynmayerə müraciət edəcəyini bildirmişdi. Bundestaqın buraxılmasından sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir. Hətta Prezident artıq 2025-ci il fevralın 23-də növbədənkənar seçkilərin mümkün keçirilməsini də təsdiqləyib. Onların nəticələrinə əsasən yeni hökumət formalaşacaq, yeni kansler seçiləcək.

“Müttəfiqlərin” istefası istənildi...

Mövcud böhran isə bir sıra amillərdən yaranıb. Belə ki, hakim sağ koalisiya daxilində (Almaniya Sosial Demokrat Partiyası - SDP, Yaşıllar və Azad Demokrat Partiyası - FDP) büdcə, maliyyə və iqtisadi siyasət, o cümlədən Kiyevə əlavə yardım və sözdə borc  əyləcinin yumşaldılması (büdcədən daxil olandan daha çox pul xərcləməyi qadağan edən qayda) məsələsi haqqında fikir ayrılıqları yaranıb. Xatırladaq ki, keçmiş maliyyə naziri və FDP sədri Kristian Lindner borc əyləci qaydasını ləğv etməkdən qəti şəkildə imtina etmişdi. Bu qaydanın ləğv edilməməsi isə, böyük sosial layihələrə və eyni zamanda, Berlinin indiyədək Ukraynaya hərbi dəstək üçün verdiyi əlavə maliyyə vəsaitinin ayrılmasını qeyri-mümkün edir.

Hələ noyabrın 1-də eks-nazir Lindner Şoltsa Almaniya iqtisadiyyatını böhrandan çıxarmaq planını göndərmişdi. 18 səhifəlik konsepsiya SDP-nin və “Yaşıllar”ın müdafiə etdiyi məsələlərə tamamilə zidd idi. Hətta Lindnerin təklifi FDP-li tərəfdaşlar tərəfindən tamamilə “iqnor” edildi - sənəd iqtisadiyyat naziri Robert Habek (Yaşıllar) tərəfindən təqdim edilən investisiya planına etiraz kimi qiymətləndirildi. Baş verənlər isə noyabrın 6-da kansler Şoltsun Lindneri vəzifəsindən azad etməsi ilə nəticələndi. Beləliklə, demək olar ki, sağ koalisiya dağıldı. Hökumətdəki vəzifəsini qoruyub saxlamaq üçün Azad Demokratlar Partiyasından çıxmaq qərarına gələn nəqliyyat naziri Volker Vissinq istisna olmaqla FDP-dən olan bütün nazirlər istefaya çağırıldı.

Bundestaqın buraxılması qaçılmazdır...

Üzdə böhran hakimiyyət böhranı kimi qiymətləndirilsə də, bir sıra siyasi analitiklər bunu “Şoltsun planı” adlandırırlar. Belə ki, Şolts özünə “etimad” məsələsini gündəmə gətirsə də, reallıqda onun istefa verməsi mümkünsüzdür - deputatların əksəriyyətinin onun “tələbinin” əleyhinə səs verəcəyi əvəldən bəllidir. Gözlənilməz hadisə baş verməsə, növbədənkənar parlament seçkilərində Sosial Demokratlara rəhbərlik edəcək şəxs elə Şoltsun özü olacaq. Hazırki kansler böyük ehtimalla planlaşdırılan parlament seçkilərində növbəti dəfə qələbə qazanıb yenidən hökumətə başçılıq edəcəyinə əmindir. Qruplar arasında siyasi çəkişmələr də genişlənir - hakim sosial demokratlarla Xristiai Demokrat İttifaqı (CDU/CSU) arasında uçurum getdikcə dərinləşir. Yuxarıda da qeyd edildiyi kimi, Prezident Ştaynmayerin kanslerin Bundestaqın buraxılması ilə bağlı təklifini təmin etməkdən imtinası praktiki olaraq mümkün deyil - Prezident bildirmişdi ki, Almaniyanın “sabit səs çoxluğu qazanmış və bacarıqlı hökumətə ehtiyacı var”. Hazırkı şəraitdə isə bunun ikisi də yoxdur - kansler müxalifətsiz heç bir qanun qəbul edə bilməyən azlıq hökumətinə rəhbərlik edir. Şolts niyyətinə çatmaq üçün Bundestaqda təmsil olunan 733 parlament üzvünün ən azı 367-nin səsini qazanmalıdır.

SDP-nin kanslerə dəstək göstərəcəyi şübhəsizdir. Koalisiyanın “kiçik tərəfdaşı” olan Yaşıllar isə artıq indidən səsvermədə bitərəf qalmaq qərarına gəldiklərinə açıqlayırlar. Onlar müxalifət partiyalarının siyasi hiylələrinin qarşısını almaq istəyirlər. Bu, ən azı müvəqqəti olaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə “əngəllər” yaradacaq. Artıq ikinci mərhələdə Prezident parlamenti buraxdıqdan sonra isə “köhnə” deputatlar öz səlahiyyətlərini yerinə yetirməyə davam edəcək - yeni Bundestaq çağırılana qədər qanunların qəbulu davam edəcək. Paralel olaraq hökumət üzvləri də yeni nazirlər təyin olunana qədər fəaliyyətlərini davam etdirəcəklər.

Almaniya tarixində beş dəfə - 40 il əvvəlki situasiya təkrarlanır

Kanslerə etimad məsələsi AFR tarixində cəmi beş dəfə Bundestaqda müzakirəyə çıxarılıb. Üç dəfə - 1972-ci ildə Villi Brandt, 1982-ci ildə Helmut Kol və 2005-ci ildə Gerhard Şröder dövründə - parlament üzvləri o vaxtkı kanslerlərə etimad göstərməkdən imtina ediblər. İki dəfə - 1982-ci ildə Helmut Şmidtin dövründə (1982-ci il konstruktiv etimadsızlıq səsverməsinə istinad etmədən) və 2001-ci ildə Şröderin dövründə - parlamentarilərin əksəriyyəti kanslerləri dəstəklədiklərini bildiriblər və onlar hökuməti davam etdirə bildilər.

Sonuncu dəfə Almaniya hökuməti 40 il əvvəl - 1982-ci ildə bu kimi siyasi böhranla üz-üzə qalıb. Daha sonra FDP “tərəfini dəyişərək” Sosial Demokratlardan Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokuna - Helmut Şmidtdən Helmut Kola “keçid etmişdi”. Buna səbəb gələcək iqtisadi və sosial siyasətlə bağlı koalisiya daxilində fikir ayrılıqları olmuşdu. O vaxtkı iqtisadiyyat naziri Otto Lambsdorff (FDP) tərəfindən hazırlanmış və SDP-nin mövqeləri ilə uzlaşmayan təkliflərə görə Şmidt müttəfiqinə inamını itirdiyini açıqlamışdı və Bundestaqdan konstruktiv etimadsızlıq səsverməsi adlandırılan məsələyə baxılmasını tələb etmişdi. Parlament üzvləri isə Helmut Kolu kansler seçmişdi...

P.İSMAYILOV

Seçilən
10
yeniazerbaycan.com

1Mənbələr