AZ

Sərhəd tanımayan fəaliyyət

Heydər Əliyev Fondu ilə Ruanda arasında əməkdaşlıq imkanları müzakirə olunub

Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu beynəlxalq əlaqələrini davamlı olaraq genişləndirir. Elə bu günlərdə qurumun vitse-prezidenti Leyla Əliyeva Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Heydər Əliyev Fondunun xarici ölkələrdə reallaşdırdığı çoxsaylı layihələr

Azərbaycanın tarixdən gələn tolerantlıq ənənələrini uğurla davam etdirən Heydər Əliyev Fondu indiyədək xarici ölkələrdə çoxsaylı layihələr reallaşdırıb. Bu baxımdan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dost Bolqarıstanda reallaşdırdığı layihələr böyük əhəmiyyət daşıyır. Fond tərəfindən Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası həyata keçirilib. Qoruğun bərpadan sonra açılışı 23 sentyabr 2016-cı il tarixində Bolqarıstanın Baş nazirinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə baş tutub.  Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib.

Fond tərəfindən belə layihələr həmçinin Vatikanda da uğurla həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb.

Cari ilin sentyabr ayında  isə Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.

Heydər Əliyev Fondu ilə İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlıq əlaqələri getdikcə dərinləşir. Cari ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İCESCO-nun Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub. Oktyabrın 14-də İCESCO -nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan- İCESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib. Bütövlükdə, gələcək əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. 2024-cü il 11 may tarixində Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutur.

Ruanda ilə təhsil, mədəniyyət sahələrində əməkdaşlıq

Ruanda Prezidenti ilə görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığını deyib.

Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə Ruandada həyata keçirilən təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edib. Bu günlərdə Ruandada Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasının keçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalq layihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına, xüsusilə Formula 1 yarışına uğurla ev sahibliyi etdiyini vurğulayıb. Gələcəkdə Formula 1 yarışının Ruandada da keçiriləcəyinə ümidvar olduğunu deyən Prezident Pol Kaqame bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyük önəm verdiyini bildirib.

Mübariz FEYİZLİ

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr