2025-ci ilin büdcə zərfi üçüncü oxunuşda qəbul olunub
Dekabrın 16-da Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. Əvvəlcə 2025-ci ilin büdcə zərfinə daxil olan məsələlər üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun çıxışından sonra maliyyə Samir Şərifov gələn ilin büdcəsində dəyişikliklərlə bağlı məlumat verib.
S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait bir milyon manat və ya 20 faiz artırılır. Eləcə də, büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləri artırmaq nəzərdə tutulur. Buna Milli Məclisin maliyyə təminatının əlavə olaraq 815 min manat məbləğində artırılması, 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Ümumdünya Sərgisində - Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri 24 milyon manat artırırılması, eləcə də ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10 milyon manat ayrılması daxildir.
O bildirib ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarını və ona müvafiq olaraq büdcədənkənar xərclərini 40 milyon manat məbləğində artırmaq nəzərdə tutulub. Nazirin sözlərinə görə, əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib. “Nəticədə 159 milyon manat vəsaitin bu təyinat üzrə sərbəstləşdirilməsi, tam həcmdə ölkəmizin müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi ilə bağlı tədbirlərinin əlavə maliyyə təminatına yönəldilməsi ilə müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət büdcəsindəki ümumi məbləği 8 milyard 555 milyon manata çatdırılır. Həmçinin Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılması nəzərdə tutulmuş dotasiyanın məbləği 34,8 milyon manat azaldılır və eyni məbləğdə vəsait muxtar respublikanın ərazisində fəaliyyət göstərən Dövlət Su Ehtiyatları Agentliyinin maliyyə təminatına yönəldilir. Təklif olunan dəyişikliklər qəbul edildiyi təqdirdə 2025-ci il üçün həm dövlət, həm də icmal büdcələrinin gəlir və xərcləri bərabər olaraq 40 milyon manat artır, yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat, icmal büdcənin gəlirləri 43 milyard 950 milyon 500 min manat, xərcləri 47 milyard 629 milyon 400 min manat təşkil edəcək”, - deyə Samir Şərifov qeyd edib.
DSMF-nin gəlir və xərcləri 7 milyard 676 milyon 420 min manat olacaq
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsinin gəlir və xərcləri 7 milyard 676 milyon 420 min manat məbləğində proqnozlaşdırılır.
“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub. Layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 milyon 700 min manat məbləğində proqnozlaşdırılır.
Bundan əlavə, 2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi də üçüncü oxunuşda qəbul edilib. Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Eləcə də ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilib.
Baş nazir: 2030-cu ilədək enerji balansında bərpaolunan enerji payının 30 faizə yüksəldilməsini planlaşdırırıq
Büdcə müzakirələrinin sonunda Baş nazir Əli Əsədov çıxış edib. O bildirib ki, 2024-cü il Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Baş nazirin sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib: “Təsadüfi deyil ki, Prezidentin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq mötəbər tədbirlərindən biri olan COP29 regionda ilk dəfə Azərbaycanda çox yüksək səviyyədə, mükəmməl təşkil olunmaqla keçirilib”. Qeyd edilib ki, Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır. Ölkəmiz regionda enerji və nəqliyyat sahələrində meqa investisiya layihələri həyata keçirir. Baş nazir deyib ki, ölkəmizin yaşıl enerji mənbəyi kimi Avropanın aparıcı tərəfdaşlarından birinə çevrilməsi əsas hədəflər sırasındadır. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Saziş məhz bu məqsədlərə xidmət edir. “Hökumət 2030-cu ilədək enerji balansında bərpaolunan enerji payının 30 faizə yüksəldilməsini planlaşdırır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Yaşıl keçid və bərpaolunan enerji sahəsində xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr, həmçinin ikitərəfli və çoxtərəfli sazişlər Hökumətin yaşıl gündəliyinin əsasını təşkil edir. Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir”, - deyə Əli Əsədov əlavə edib.
11 ayda iqtisadi artım 4,1 faiz olub
Diqqətə çatdırılıb ki, Azərbaycanda 11 ayda iqtisadi artım 4,1 faiz olub, o cümlədən qeyri-neft sektoru 6,4 faiz artıb. Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb. Birbaşa xarici dövlət borcumuz ÜDM-in cəmi 7,3 faizini təşkil edir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə 4,9 faiz real artım tempi proqnozlaşdırılır.
2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaqdır. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək.
Baş nazir bildirib ki, ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək. Son 5 ildə həyata keçirilən 4 sosial islahat paketi isə 7 milyard manat olmaqla 4 milyon vətəndaşı əhatə edib.
Ölkə ərazisində qazlaşdırılma səviyyəsi isə 96,6 faizdir. Bu göstəriciyə görə ölkəmiz MDB və digər qonşu ölkələri qabaqlayır. Buna baxmayaraq, yerdə qalan 3,4 faiz abonentin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək. Hazırda bu istiqamətdə hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparır. “Eyni zamanda, “İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi” də paralel şəkildə həyata keçirilməkdədir”, - deyə Ə.Əsədov əlavə edib.
Azad olunmuş ərazilərə bu günədək 2417 ailə - 9306 nəfər köçürülüb
Baş nazir, həmçinin deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir: “2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Azad olunmuş ərazilərə bu günədək 2417 ailə - 9306 nəfər köçürülüb”.
Sonra iclasda Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.
Hərbi xidmətə çağırış üçün son yaş həddi 35-dən 30-a endirilir
Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.
Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur.
Eyni zamanda, layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcək. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur. Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək.
Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, parlamentin növbəti iclası dekabrın 20-də keçiriləcək.
Nardar BAYRAMLI