AZ

Meğri yoluna alternativ: Arazın sağ sahili ilə çıxış belə olacaq

Zəngəzur dəhlizinin açılması daha çox Ermənistanın davranışlarından asılıdır. Suriyadakı məlum hadisələrdən sonra Tehranın bu məsələdə təsir imkanlarının azaldığı iddia edilir. Amma Ermənistan kifayət qədər çeviklik göstərsə, praqmatik qərarlar versə, Zəngəzurdan keçən Meğri yolunun açılması mümkün olacaq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, İrəvanın bunun əksinə mənasız cəhdləri fonunda dəhlizin açılması ehtimalı azdır:

“Ermənistan özünə yeni hami tapıb bölgədə yenidən suyu bulandırmağa çalışsa, proseslər tamam fərqli bir istiqamətə yönələcək. Bu halda Azərbaycan İran ərazisindən keçəcək dəhlizlə bağlı konkret addımların atılması məsələsini gündəmə gətirəcək”.

Politoloq hesab edir ki, Araz çayının sağ sahili ilə İran ərazisindən keçməklə Naxçıvana gedən yolun açılması mümkündür:

“Beləliklə, Zəngəzur dəhlizi mövzusu uzun müddət gündəmdən çıxmış olacaq. Bu da sözsüz ki, bölgədə maraqlı olan qüvvələrin mövqeyinə ziddir. Çünki kənar güclər dəhlizin İran ərazisindən keçməsini istəmir. Bu xüsusda qərb dövlətləri və təşkilatları, Amerika israrlı mövqedən çıxış edirlər”.

Zərdüşt Əlizadə Ermənistandan sərhədlərin dəqiqləşməsi ilə bağlı keçmiş sovet xəritələrinə istinadla bağlı verilən açıqlamaların da məntiqsiz olduğunu bildirib:

“Hazırda sərhədlərin dəqiqləşməsi ilə bağlı hər iki tərəfdən komissiya mövcuddur. Ona görə də hansısa dövrün xəritəsi əsasında fikir yürütmək yersizdir”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
9
teleqraf.com

1Mənbələr