AZ

Ali təhsil sistemində 7 yeni ixtisası kimlər tədris edəcək...

Image

Rizvan Fikrətoğlu: “Yeni ixtisaslar XXI əsrin ixtisasları sayılır, ancaq bu fənlərin kimlər tərəfindən tədris olunacağı mübahisəlidir”

Nazirlər Kabinetinin qərarına əsasən, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və dietologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları artıq gələn ildən etibarən universitetlərin bakalavriatura səviyyəsində tədris olunacaq. 

Bu yenilik barəsində mütəxəssislərin fikirləri heç də birmənalı deyil. Onların fikrincə, yeni yaradılan və adında dəyişiklik olan ixtisaslar təkcə milli təhsil sisteminin yenilənməsi üçün deyil, ümumilikdə ölkənin iqtisadi, texnoloji və sosial inkişafına dəstək göstərən sahələr üçün kadr hazırlığına yol açır. Tələbələrin bu imkanlardan yararlanması üçünsə təhsil müəssisələrində müasir laboratoriyaların, praktik mərkəzlərin və bu sahələr üzrə ixtisasları tədris edən müəllim heyətinin olması mütləqdir ki, tələbələr tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki təcrübələrə də yiyələnə bilsinlər. Yeni reallıqda təhsil istiqamətində yaradılan ixtisasların tədrisi üçün kadr potensialı və mükəmməl proqram necə, varmı?

“Bu fənləri tədris edəcək təcrübəli, işinin mütəxəssisi olan pedaqoqlar yoxdursa, sadəcə müəllimlərin saatı düzəlsin deyə yeni ixtisaslar yaratmaq mənasızdır”

Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaradılan yeni ixtisaslar dövrün, zamanın tələbinə uyğundur:  “Yeni ixtisaslar XXI əsrin ixtisasları sayılır. Ancaq bu ixtisasların kimlər tərəfindən tədris olunacağı mübahisəlidir. Yeni yaradılan ixtisasların arasında data analitikası var ki, bunu informatika təhlükəsizliyini tədris edən müəllim keçəcəksə və ya sovetdən qalma tərcümə mühazirələrlə yaşlı pedaqoq dərsi yola verəcəksə, bu ixtisasın yaradılmasına ehtiyac yox idi. Data analitikası XXI əsrin ixtisasıdır və əmək bazarında geniş tələbat var. Bu ixtisasın əsas fənlərini müəyyən kurslar və təcrübələr keçmiş, sahə üzrə işləyən şəxslərin tədris etməsi effektiv olardı. Ola bilsin ki,  həmin şəxsin bakalavr təhsili var, ancaq magistr təhsili yoxdur. Əgər şəxs data analitika sahəsində yetişibsə onun təcrübəsindən istifadə etmək olar. Keyfiyyətli mütəxəssis hazırlamaq istəyiriksə, öyrədən şəxsin verdiyi bilik də keyfiyyətli olmalıdır. Yeni yaradılan ixtisasların tədrisi ilə bağlı kadr probleminin yaşanmaması üçün o sahənin mütəxəssislərini axtarıb tapmaq lazımdır.  Bu fənləri tədris edəcək təcrübəli, işinin mütəxəssisi olan pedaqoqlar yoxdursa, sadəcə müəllimlərin saatı düzəlsin deyə yeni ixtisaslar yaratmaq mənasızdır. “Data analitikası" üzrə Azərbaycanda yetəri qədər şəxslər var ki, peşəkar şəkildə müəyyən dövlət qurumları və şirkətlərdə işləyirlər. Həmin şəxslərin biliyindən, təcrübəsindən istifadə etmək məqsədilə hətta onları təhsilə cəlb etmək lazımdır”.

Həmsöhbətimiz bildirdi ki, yeni yaradılan ixtisaslar müasir zamanın döyünən nəbzi sayılır.

 Günel CƏLİLOVA





phrase_var_article.chosen
33
baki-xeber.com

1phrase_var_article.sources