Bakı, TurkicWorld
İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən qətlə yetirilən fəal Ayşenur Ezgi Eyginin ailəsi ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
TurkicWorld xəbər verir ki, Vaşinqtonda siyasətçilərlə bir sıra görüşlər keçirən Eyginin ailəsi, İsrail əsgərləri tərəfindən öldürülən türk əsilli amerikalı fəalın qətli ilə bağlı araşdırma açılmasına çalışır.
Blinkenlə görüşən ailə üzvləri, bu məsələdə ABŞ hökumətindən daha çox dəstək gözlədiklərini ifadə ediblər.
Eyginin həyat yoldaşı Həmid Əli görüşdən sonra jurnalistlərə açıqlamasında ,"Nazir bizi diqqətlə dinlədi, lakin təəssüf ki, son 20 ildə dəfələrlə eşitdiyimiz eyni sözləri təkrar etdi. Xüsusən də mənimlə eyni ştatdan olan Reyçel Korrinin öldürülməsindən sonra belə bəyanatlar eşitmişdik. Bu təkrarlanan ifadələr artıq sinir bozucudur." -deyə bildirib. O, bu dəfə fərqli bir yanaşmanın olacağına ümid etdiklərini və qətllə bağlı ABŞ rəhbərliyinə araşdırma çağırışını yenidən təkrarladıqlarını vurğulayıb.
Eyginin bacısı Özden Bennet də görüşlə bağlı açıqlama verərək bildirib ki, ABŞ hökuməti hələ də İsrailin araşdırmasının tamamlanmasını gözləyir. Lakin ailə artıq bu gözləntiləri inandırıcı hesab etmir. "Blinkenlə görüşdə məyusluğumuzu ifadə etdik və ondan hakimiyyət dəyişikliyindən əvvəl bacımın qətli ilə bağlı araşdırmanın başa çatdırılması üçün həm ictimaiyyətə, həm də İsrail hökumətinə təzyiq göstərməsini xahiş etdik." - deyə bildirib.
Qeyd edək ki, İşğal altındakı İordan çayının qərb sahilində dinc nümayiş zamanı fələstinlilərə dəstək nümayişinə qatılan və ABŞ vətəndaşı olan Ayşenur Ezgi Eygi başından güllə yarası alaraq , Fələstin xəstəxanasına aparılamış , sentyabrın 6-da isə dünyasını dəyişmişdi. Onun cənazəsi sentyabrın 14-də Türkiyənin Aydın vilayətinin Didim rayonunda dəfn edilib.
Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı mübarizə aparan və həmçinin dinc üsullarla fələstinlilərə dəstək göstərən Beynəlxalq Həmrəylik Hərəkatının fəalı və hüquq müdafiəçisi idi.