AZ

Biznesimizə hansı sosial şəbəkədə səhifə açaq?

İllərdir insanların həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr bizneslər üçün də önəmlidir. Müxtəlif biznes sahələri var ki, onların inkişafında sosial şəbəkələrin rolunu mütləq qeyd etməliyik. Dünyanın bütün ölkələrində belə olmasa da, Azərbaycan təcrübəsində sosial şəbəkə səhifələri bizneslər üçün vacib hala gəlib.

Bəzi bizneslər bütün sosial şəbəkələrdə olmağa çalışırlar, bəziləri bir neçəsini seçirlər. Bəziləri səhifə açsalar da, uğurlu ola bilmirlər. Maraqlıdır, biznes sahələrinə görə sosial şəbəkələrin nə dərəcədə fərqi var? Bir biznes bütün sosial şəbəkələrdə olmalıdırmı?

“Bütün sosial şəbəkələrdə olmaq vacib deyil”

Valyuta.az-a danışan “Mediamark” Digital Agentliyinin təsisçisi Orxan Rzayev bildirib ki, bizneslər sosial şəbəkələrdə olmalıdırlar, amma hamısında səhifə açmağa ehtiyac yoxdur: “İndiki dövrdə brendi tanıtmağın, müştəriləri cəlb etməyin ən ucuz və rahat yolu sosial şəbəkələrdir. Ona görə də bütün bizneslər sosial şəbəkələrdə təmsil olunmalıdır. Bu, bu günün qaydasıdır. Amma bütün sosial şəbəkərdə olmaq vacib deyil. İndi dünyaca məşhur 10-a yaxın sosial şəbəkə saymaq olar. Onların hamısında olmağa ehtiyac yoxdur. Üstəlik də hamısında təmsil olunmaq əlavə resurs və maliyyə xərci deməkdir”.

“Hər biznes özünə uyğun sosial şəbəkələrə yatırım etməlidir”

Orxan Rzayev biznes sahələrinə uyğun sosial şəbəkə seçimlərindən nümunələr gətirdi: “Məsələn, gənc auditoriyaya xitab edən əyləncə və. s tipli bizneslər “Tiktok” şəbəkəsindən aktiv istifadə etməlidir. Tanıdılacaq vizual bir məhsul varsa, ölkəmizdə aktiv istifadə olunan “İnstagram”, “Pinterest” kimi proqramlara üstünlük versələr, yaxşı olar. Biznes sektoru ilə bağlı iş qurmusunuzsa, hədəfiniz işgüzar insanlar, biznes adamlarıdırsa, seçiminiz “Linkedin”, “Facebook” kimi proqramlar olmalıdır”.

“Sosial şəbəkələrdən dərhal nəticə gözləmək düzgün deyil”

Orxan Rzayev biznes sahəsini sosial şəbəkələrdə tanıdarkən diqqət yetirilməsi vacib olan nüanslardan da danışdı: “İlk olaraq, müəyyən qədər investisiya etmək, auditoriya toplamaq, mesajı insanlara çatdırmaq, kommunikasiyanı qurmaq üçün vaxt və auditoriya tələb olunur. İkinci olaraq isə, kommunikasiyanı necə qurmaq və kontentin keyfiyyəti önəmlidir. Bütün bunlar da nəticəyə təsir edir”.

“Sosial şəbəkəni səhv seçən bizneslər…”

Orxan Rzayev qeyd edib ki, sosial şəbəkə səhifəsi üzərində çox işləsəniz də, uğursuz alınırsa, deməli, səhv yerdəsiniz: “Hədəf kütləniz olmayan sosial şəbəkədə səhifə açmısınızsa, çox maliyyə və əmək sərf olunsa da, nəticə uğurlu olmaya bilər. Ona görə ilk olaraq doğru yeri tapmaq və ona resurs sərf etmək lazımdır. Çox vaxt bizneslər doğru yerdə səhifə açmadıqlarını bir müddət sonra statistikadan, gələn reaksiyalardan sonra görürlər. Bu, ciddi problem olmasa da, nəticədə vaxt və müəyyən qədər sərmayə itirmiş olurlar”.

Sərvanə Rəmixanova

Seçilən
12
valyuta.az

1Mənbələr