AZ

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Modern.az-a bildirilib ki, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 365 nəfər qeydiyyatdan keçib.

Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) yerləşən binasında saat 10:00-da keçiriləcək və 3 saat davam edəcək. DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Seçilən
0
8
modern.az

10Mənbələr