AZ

Bakıdan Tehrana mühüm jest - etimadsızlıq dövrü bitdimi...

Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi də artıq işini bərpa edib, birgə təlimlər də keçirilib; bəs terrorçunun aqibəti ilə bağlı niyə heç bir məlumat verilmir... - rəy

Dekabrın 15-dən Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib. Bundan əvvəl bir ilyarımlıq fasilədən sonra, iyulun 15-də Azərbaycanın Tehrandakı səfirliyi yeni binada öz işinə başlayıb. “Yeni Müsavat” xatırladır ki, 27 yanvar 2023-cü ildə İran vətəndaşı, avtomatla silahlanmış Yasin Hüseynzadə səfirliyə girərək mühafizəçini güllələdikdən sonra Azərbaycan səfirliyinin bütün heyəti Tehranı tərk edib. 

Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, ikisi yaralanıb. Bakı baş verənləri terror aktı kimi qiymətləndirib və İran hakimiyyətinin müvafiq qiymət verməsini tələb edib. Rəsmi Tehranın reaksiyasından məmnun qalmayan Azərbaycan rəhbərliyi səfirliyin təxliyəsi barədə qərar qəbul edib. Nəhayət, İran məhkəməsi səfirliyə hücum edən terrorçunu ölüm cəzasına məhkum edib. Lakin bu hökmün icra olunub-olunmaması barədə məlumat yoxdur. Bəs konsulluq şöbəsinin fəaliyyətə başlaması ilə tərəflər arasında etimadsızlıq dövrünün bitdiyini söyləmək olarmı? İran terrorçunun aqibəti ilə bağlı niyə heç bir məlumat vermir? 

Yeri gəlmişkən, Tehran-Bakı münasibətləri rəvanlaşmağa doğru getsə də, xüsusən SEPAH-a yaxın Telegram kanalları və media Azərbaycan əleyhinə hədyanlar yazır, əsassız ittihamlar tirajlayır. Bu quru böhtanlarda İsrail-Azərbaycan əlaqələri ayrıca xətt kimi keçir. Ona görə də əlaqələr nə qədər yaxşılaşsa belə, İrandan vaxtaşırı çatlaq səslər eşidilməkdədir. Ümumiyyətlə, İranın mühafizəkar dairələri Türkiyə və Azərbaycana dil uzatmaqda davam edirlər. Son olaraq İranın ali dini liderinin müşaviri Vilayəti Azərbaycanla İran arasında son hərbi təlimlərdən bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib. Hərbi təlimlərin dəhlizə nə dəxli var? Dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışıqlar dondurulmayıb. Bir sözlə, Bakı-Tehran münasibətləri hamar dövrünə qədəm qoymağa başlayır, lakin mühafizəkar qanadın düşmənçiliyi bitmək bilmir...

Qabil

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, İran hökuməti Azərbaycanla münasibətləri normallaşdırır, dini rejim isə pozmağa yönəlik addımlar atır. Səfirliyə terror hücumunu hansı qüvvənin sifariş etməsinin hələ də üzə çıxarılmadığını deyən Q.Hüseynli qeyd etdi ki, bu məsələdə tələblərimizi davam etdirməliyik: “Əgər bu sifarişçi İranla Azərbaycanın arasını vurmaq üçün bu terrora təlimat vermişdisə, onda elə ilk növbədə Tehran həmin qüvvənin ifşasında maraqlı olmalıydı. Ancaq indiyədək nə istintaq materialları, nə Yasin adlı o şəxsin ifadəsi yayılmayıb, ona verilən hökm də icra edilməyib. Bununla belə, İrandan çağırışlar, keçirilən görüşlər nəzərə alınaraq Azərbaycan səfirliyin də, konsulluğun da fəaliyyətini bərpa edib ki, münasibətlər gərgin fazadan çıxsın. İndi bu addıma, bu jestə Tehran adekvat davranmalıdır”. Professor hesab edir ki, İran-Azərbaycan əlaqələrinin yaxşı iqtisadi perspektivləri var: “Biz həm 3+3 regional platforması çərçivəsində, həm Araz dəhlizi ilə bağlı imzalanmış memorandumdan irəli gələrək iqtisadi əməkdaşlığımızı genişləndirə bilərik. Bundan başqa, Şimal-Cənub marşrutu və digər layihələr çərçivəsində dividentlər mövcuddur. Zənnimcə, İrandakı rejim Azərbaycana qarşı bədxah əməllərini bir kənara qoyaraq, iqtisadi müstəvidə imkanları böyütmək haqda düşünməlidir. Onlar ötən dövr ərzində gördülər ki, Azərbaycanla hədə, təhdid dilində danışmaq nəticə vermir".  

Xatırladaq ki, Azərbaycanın baş naziri Əli Əsədov noyabrın 20-də İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb. Bir müddət öncə İran və Azərbaycan xüsusi təyinatlılarının birgə təliminin ardınca xarici işlər naziri Ceyhun Bayramov Məşhəddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurası çərçivəsində İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 


Seçilən
17
musavat.com

1Mənbələr