AZ

Azərbaycan  3-cü ölkəni istəmirsə, Rusiya da "sülh göyərçini" olmayacaq -  ŞƏRH

Xatırlayırsınızsa, dekabrın 4-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilməsi baş tutmadı. ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etsə də, Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina etdi. Haqlı imtina idi və ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı hər zaman ədalətsiz, qərəzli siyasət yürüdüb, odur ki, cavab belə olmalıydı. Rəsmi Bakı sülh danışıqlarında 3-cü ölkəni istəmədiyini ortaya qoydu.


Azərbaycanın bu istək və tələbinə Ilk dəstək qardaş Türkiyədən gəldi.

Beləki, 11 dekabrda Türkiyə xarici işlər naziri Hakan Fidan açıqlamasında ölkəsinin ikitərəfli danışıqları dəstəklədiyini vurğuladı:” Cənubi Qafqaz bölgəsində sülh üçün bir ümid işığı var dedi və Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsinin son mərhələsindəyik. Ölkəmiz ikitərəfli danışıqları dəstəkləyir”.
Hörmətli Fidanın bu açıqlaması bəzi arenalarda qıcıq yaratdığı məlum oldu.
Gözlənilənlərin əksinə ən çox narahat olan ABŞ, Qərb deyil Rusiya oldu.Xüsusən, hər zaman Kremlin erməni mövqeyini alqışlayan və rusdan daha çox erməni olan siyasətçilər reaksiya verdi.
Ermənpərəstmövqeli politoloqlardan biri Sergey Markedonovun narahatçılığını səbirsizliklə səsləndirənlərdən oldu: “Dekabrın 5-də ATƏT Nazirlər Şurasının iclasında Fidanın erməni həmkarı Ararat Mirzoyan dedi: “Bakı və İrəvan sülh sazişi layihəsinin 17 maddəsinin 15-i üzrə razılığa gəlib”. O, ümidvar olduğunu bildirdi ki, siyasi iradə olarsa, yekun imzalanma uzaqda deyil. Bəs o zaman Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyində belə nikbin qiymətləndirmələrin olmamasını necə izah etmək olar? Belə ki, Ceyhun Bayramov, demək olar ki, Mirzoyanın “dekabr tezisləri” ilə sinxron şəkildə bəyan etdi: “Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var. Bu məsələdə Ermənistandan qəti addımlar gözləyirik.”
Yəqin ki, Rusiyanın Azərbaycanla bağlı siyasətini dərindən bilənlər Markedonovun məhz bu cümlələrindən sonra anlayır ki, Rusiya baxmayaraq ki Azərbaycan- Ermənistan arasında sülh siyasətində 30 ildən artıq önəmli fiqur olsa da, ortada nə sülh olub, nə danışıq. Hər zaman tərəfləri dalana dirəməklə, həssas məqamları müzakirəyə çıxarmaqla münasibətləri təhlükəyə atmaqla “sülh” süründürməçiliyini davam etdirməklə, emosiyaları qızışdırmaqda maraqlı olan Rusiyanın reaksiyası başa düşüləndir. Bir silah satan, 2 silah alan müştərisini itirmək istəyərmi? Xeyir!
Odur ki, Rusiyanın yenidən 3-cü dövlət olaraq danışıqlar prosesinə girməsi Ermənistan- Azərbaycan arasındakı hazırkı problemi hələ 30 il uzatmaq məqsədi daşıyır.
Əslində Qafqazda hələ də maraqları üçün əli tətikdədir. Amma Rusiya Qafqazda “sülh göyərçini” olmaq əvəzinə Ukrayna- Rusiya cəbhəsinə fokuslansaydı daha məsləhətli olardı.
Çünki, dünənki məlumatlarda deyilir ki, Rusiya Ukraynaya hücum edəndən indiyə qədər 763 510 hərbçi, 9 563 ədəd tank, 19 736 ədəd zirehli döyüş maşını, 21 151 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1025 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 31 480 ədəd avtomobil texnikası, 20 372 ədəd PUA, 2 863 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 650 xüsusi avadanlıq itirib.
Həmçinin dünən Rusiyanın tam da “ağzının içində” Moskvanın Ryazansk prospektindəki yaşayış binasında partlayış baş verib. Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov binanın çıxışında olarkən, partlayıcı qurğu işə salınır və o, sürücüsü ilə birlikdə göyə sovrulur.
Azərbaycanın siyasi iradəsi yenidən hegemonlar tərəfindən sınağa çəkilir. Ümid edirik və əminik ki, dövlətimiz bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq. Daha dəqiq, öz problemini özü həll edəcək.

Əntiqə Rəşid

Seçilən
47
adalet.az

1Mənbələr