Bakı, 17 dekabr, AZƏRTAC
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün növbəti təlimlərə başlayır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu 2024-cü il dekabrın 11-dən 2025-ci il fevralın 3-nə qədər həyata keçiriləcək.
Müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər 2025-ci il fevralın 10-16-da olacaq.
Təlimlər Aqrar Sığorta Fondunun inzibati binasında - Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 175 ünvanında təşkil ediləcək.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən keçirilir.
Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:
1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Təlimlərin təşkili və keçirilməsi ilə bağlı əlavə məlumat almaq üçün 1651 çağrı mərkəzi (və ya 055 500 84 23 nömrəsi) ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.
Təlimlərlə maraqlanan şəxslərə ilkin qeydiyyat üçün linkə daxil olaraq müraciət anketində göstərilən sualları cavablandırmaq tövsiyə olunur: https://forms.gle/TXkaAYv6Zr1oPKCHA.