Bu gün görkəmli alim, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 100 ili tamam olur. Elmi fəaliyyətini əsasən Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr etmiş Şirməmməd Hüseynov 30-dan çox kitab və monoqrafiya, 800-dən artıq elmi və elmi-publisistik məqalə yazıb.
Yüzlərlə jurnalist kadrların yetişməsində böyük əmək sərf etmiş Şirməmməd müəllim auditoriyalarda hər zaman yenilikçi ruhu ilə seçilirdi. Onun mühazirələri, söhbətləri tələblərində dərin təsir oyadırdı.
Alim və pedaqoq kimi Şirməmməd Hüseynov Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdırıb. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları həm də tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.
O, Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni səviyyəyə yüksəldib. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanıb. Tələbələri onun müəllim kimi əməyini minnətdarlıq hissi ilə xatırlayırlar.
Modern.az-la həmsöhbət olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, siyasi elmlər doktoru Sabir Məmmədli Şirməmməd Hüüseynovun gənc tədiqiqatçıların yoluna işıq saçdığını deyir:
"Şirməmməd Hüseynov böyük alim, tədqiqatçı idi. Bütün Azərbaycan Demokratik Respulikası dövrü mətbuatını, Rəsulzadə irsini, o dövrün ən aparıcı şəxslərin publisistikalarını, düşüncələrini tədqiq və geniş şəkildə ictimaiyyətə təqdim edən alimimiz idi. Azərbaycan alimi və ziyalısı olaraq Şirməməmməd müəllim böyük əqidə sahibi idi. Hələ Sovet dövründə tədiqaqtlarına başladığı ilk illərdən ömrünün sonuna qədər öz mövqeyini, sözünü saxlayan alim, tədqiqatçı idi".
O qeyd edir ki, bizim ziyalılar, alimlər, tədqiqatçılar üçün Şirməmməd müəllimin məktəbini keçmək böyük qürurveririci haldır.
"Bu mənada Azərbaycanda da jurnalistika fakultəsində də çox sevilir. Şirməmməd müəllim özünə, cəmiyyətə, qarşısında yetişən gənc tədqiqatçılara qarşı çox ciddi xeyirxah münasibət bəsləyirdi. Bununla yanaşı onlara istiqamət verirdi. Şirməmməd müəllim alim və ziyalı kimi Azərbaycan dövlətçiliyinin güclənməsi, təbliği istiqamətində, istərsə də Rəsulzadənin, Topçubaşovun, Üzeyir Hacıbəylinin bütün bizim əsrin əvvəlində fəaliyyət göstərən mütəfəkkirlərin ideya və düşüncələrinin geniş şəkildə təqdim etmək istiqanətində bizim gənclərə yol göstərir".
Xalqı və vətəni üçün misilsiz işlər görmüş Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də Bakıda dünyasını dəyişib. İkinci Fəxri xiyabanda dəfn olunub.