"Azərsu" ASC 2023-cü ili də zərərlə başa vurub. Belə ki, ötən il Səhmdar Cəmiyyətin 115 min manatlıq vergi ödənişindən sonra zərəri 226 milyon 293 min manat təşkil edib. 2022-ci ildə bu rəqəm 178 milyon 644 min manat olub. Beləliklə, bir il ərzində qurumun zərəri 47 milyon 649 min manat artıb.
Teleqraf.com qurumun konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatına istinadən xəbər verir ki, pul vəsaitlərində 144 milyon 812 min manat azalma baş verib.
Hesabat dövründə ASC-nin maliyyə xərcləri 472 min manat artaraq 5 milyon 871 min manata, digər gəlirləri isə 5 milyon 462 min manat artaraq 7 milyon 856 min manata yüksəlib.
Qurumun faiz hesablanan kreditlər və borc öhdəlikləri 22 milyon 224 min manat olub. 2022-ci illə müqayisədə bu rəqəm 15 milyon 832 min manat artıq olub. Eləcə də vergilər və cərimələr üzrə xalis kreditor borcu 46 milyon 454 min manata çatıb.
Hesabatdan bəlli olur ki, qurumun aktivləri də azalıb. Ötən ilin sonuna“Azərsu” ASC 1 milyard 166 milyon 847 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 124 milyon 771 min manatazalıb.