İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumat verib.
"Report"un məlumatına görə, sədr bildirib ki, 2023-cü ildən etibarən, Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub.
O qeyd edib ki, sorğuda 25 min 87 nəfər iştirak edib:
"Nəticələrə əsasən, ölkə əhalisinin 100 faizə yaxını icbari tibbi sığorta haqqında, 47 faizi isə Xidmətlər Zərfi barədə məlumata malikdir".
Məmnunluq səviyyəsinə toxunan Z.Əliyev qeyd edib ki, ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb:
"Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59 faizdir. İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlı xərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25 faiz, cüzi azalma bildirənlərin payı isə 40 faizdir. Ümumilikdə respondentlərin 65 faizi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını qeyd ediblər.
Respondentlərin 75 faizi özəl tibb müəssisəsinə birbaşa müraciət edərkən ödənişin 20 faizə qədərini cibdən ödəməyə razı olduqlarını bildiriblər. Bu, əhalinin müəyyən bir hissəsinin belə bir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir. Hazırda hissəvi ödəniş sistemi mövcud olmasa da, gələcəkdə bu mövzu ilə bağlı müxtəlif mexanizmlərin tətbiqi və ya müzakirəsi mümkündür".
Sədr əlavə edib ki, keçirilən sorğunun nəticələri səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və əhalinin ehtiyaclarının daha dəqiq öyrənilməsi üçün mühüm göstəricidir: "Bu çərçivədə atılacaq addımlar vətəndaş məmnuniyyətinin daha da artırılmasına xidmət edəcək".