Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Krımda Rusiya hərbi texnikasının hərəkəti barədə Ukrayna hərbi kəşfiyyatına məlumat ötürən 31 yaşlı Yalta sakinini saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“FTX Rusiya silahlı qüvvələri haqqında məlumatların Ukrayna xüsusi xidmət orqanlarına ötürülməsində iştirak edən Rusiya vətəndaşı, 1993-cü il təvəllüdlü Yalta sakininin qanunsuz fəaliyyətinin qarşısını alıb. Saxlanılan şəxs Teleqram messenceri vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı ilə məxfi əlaqə yaradaraq, yarımada ilə bağlı müxtəlif növ məlumatları, o cümlədən foto və video materialları təqdim etməyə hazır olduğunu bildirib. O, kuratorun tapşırıqlarını yerinə yetirərək, fəal şəkildə Rusiya qüvvələrinin hərbi texnikasının Krım ərazisində yerləşməsi və hərəkəti haqqında məlumatları xarici kəşfiyyat xidmətinə ötürüb”, - məlumatda deyilib.