Bazar ertəsi Nyu-York məhkəməsinin hakimi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı 2016-cı il seçki kampaniyası zamanı toplanılan ianələri mənimsəməkdə təqsirli bilən münsiflər heyətinin qərarını ləğv etməkdən imtina edib.
Hakim Xuan Merçan vəkillərin Ali Məhkəmənin prezidentin rəsmi səlahiyyətləri çərçivəsində edilən hərəkətlərə görə mühakimə oluna bilməyəcəyinə dair qərarının Donald Trampı bu iş üzrə məsuliyyətdən azad etməsi arqumentini rədd edib. İttiham tərəfi Trampa qarşı cinayətlərin prezident seçkilərindən əvvəl törədildiyini vurğulayıb.
Müşahidəçilərin vurğuladığı kimi, Donald Tramp hakimin qərarına yuxarı instansiya məhkəməsində etiraz edə və o, başqa hüquqi arqumentlərə əl atmaqla da münsiflər heyətinin hökmünü ləğv etməyə cəhd edə bilər.
Nyu-Yorkda münsiflər heyəti bu ilin mayında Donald Trampı təqsirli bilib. O, intim münasibətlərini ictimailəşdirməklə hədələyən porno aktrisa Stormi Danielsə susduğuna görə 130 min dollar ödədiyini gizlətmək üçün hesabatları saxtalaşdırmaqda ittiham olunurdu. Lakin hakim iş üzrə hökmü iki dəfə təxirə salıb. Prokurorlar hakimi Donald Trampın 2029-cu ildə başa çatan prezidentliyinə qədər cəza təyin etməməyə çağırıb. Amma ola bilsin ki, analitiklərin fikrincə, hakim seçilmiş prezidenti həbsxanaya salmamaq qərarına gələrək yaxın vaxtlarda hökmü elan etsin.
“AzPolitika.info”