AZ

Almaniyada hökumət böhranı dərinləşir - Partiyaların limiti tükənib (ŞƏRH)

"Almaniyanın növbəti hökuməti xristian-demokratlardan təşkil olunacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Almaniya Bundestaqının kansler Olaf Şolts hökumətinə etimadsızlığı fonunda keçiriləcək yeni seçkilərin nəticələrini şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Şolts hökumətinin səlahiyyət müddətinin sonuna qədər fəaliyyət göstərə bilməyəcəyi hələ koalision hökumətin formalaşdığı ilk dövrlərdən ehtimal edilirdi:

"Kifayət qədər fərqli siyasi xətt daşıyıcılarının bir araya gələrək yaratdıqları koalisiyanın zaman-zaman daxilində, xüsusən də Almaniyanın xarici siyasəti və Ukrayna məsələsində fikir ayrılıqları, ölkənin strateji qərarlarının qəbulunda fərqli baxışların olması yaşanmış hadisələr idi. Hökumətə bu fikir ayrılıqlarından qaynaqlanan etimadsızlıq isə prosesin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Növbədənkənar seçkilərdə isə xristian-demokratların yenidən qalib gəlmə şansları daha yüksəkdir".
 

 
Ekspert bildirib ki, hazırkı koalision hökumətdə iştirak edən siyasi qüvvələrin hər biri seçki öncəsi xalqa verdiyi vədləri artıq xərcləyiblər:

"Bu da xristian-demokratların seçicilər qarşısında reytinqinin yüksəlməsinə gətirib çıxara bilər. Lakin xristian-demokratların təkbaşına iqtidar olacağı, yoxsa onların da digər qüvvələrlə koalisiya yaratmalı olacaqlarını isə indidən söyləmək çətindir. Çünki Almaniya cəmiyyəti siyasi baxımdan kifayət qədər parçalanıb. Aparıcı siyasi partiyaların demək olar ki, stabil elektoratı mövcuddur. Bu səbəbdən seçkinin taleyini həll edəcək tək bir partiyanın növbəti mərhələdə hökuməti formalaşdıra bilməsi ehtimalı olduqca azdır. Ona görə də sabit koalision hökumətinin qurulması üçün ilk növbədə siyasi baxışları, ölkənin daxili və xarici siyasətinə münasibətdə ortaq mövqeyə yaxın olan qüvvələrin koalisiyası daha uzun ömürlü ola bilər. Əks təqdirdə, növbəti hökumətin də tezliklə hazırkı hökumətin taleyini yaşayacağının şahidi olacağıq". 

Qeyd edək ki, "Bild" nəşrinin məlumatına görə, Almaniya Bundestaqı Şolts hökumətinə etimadsızlıq göstərib. Bu isə hökumətin buraxılması və yeni seçkilərin keçiriləcəyi deməkdir. Hökumətin istefasına səsvermədə iştirak edən 733 deputatın 394-ü səs verib. Yeni seçkilərin isə gələn ilin fevralın 23-də keçirilməsi ehtimal edilir.  

Rüfət Sultan

Seçilən
20
qaynarinfo.az

1Mənbələr