AZ

ABŞ-da məktəbli qız atışma törədib, intihar etdi: ölənlər var

ABŞ-ın Viskonsin ştatında 15 yaşlı qız Abundant Life adlı kiçik xristian məktəbində atışma törədib. O, müəllimini və bir sinif yoldaşını qətlə yetirərək daha sonra özünə qəsd edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.  

Hüquq-mühafizə orqanlarının məlumatına görə, faciə bazar ertəsi, dekabrın 16-da yerli vaxtla saat 11 radələrində baş verib. Hadisə iştirakçısı olan şagird Natali Rupnau kimi tanıdılıb. O, məktəbə gəlib, 9 millimetrlik tapança çıxararaq dərslərin başlanmasından təxminən 3 saat sonra atəş açıb.  

Atışma nəticəsində müəllimi və sinif yoldaşı həyatını itirib. Daha 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti kritik olaraq qalır.  

Polisə hadisə ilə bağlı məlumatı ikinci sinif şagirdi verib. Hüquq-mühafizə orqanları məktəb ətrafındakı yolları bağlayıb və federal agentlər yerli polisə yardım üçün bölgəyə gəlib. Bildirilib ki, polis atışmada iştirak etməyib.  

Polis gələndə Natali silahla yaralanmış vəziyyətdə tapılıb. O, intihar etməyə cəhd edib. Məktəbli hələ sağ olsa da, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  

Məktəbin ibtidai və orta təhsil bölməsinin kommunikasiyalar direktoru Barbaya Virsin sözlərinə görə, 15 yaşlı yeniyetmənin bu addımı atmasının motivləri hələ məlum deyil.  

Hüquq-mühafizə orqanları Natalinin ailəsi ilə söhbətlər aparır və onun yaşadığı evdə axtarışlar həyata keçirir.  

Məktəbdə dərslərin bərpası məsələsi isə hələlik müzakirə edilir.  

Alpər
Seçilən
8
1
qaynarinfo.az

2Mənbələr